“Euronews” kanalında Lənkəranın təbiəti və aqrar potensialı haqqında süjet yayımlanıb
Bakı, 27 noyabr, AZƏRTAC
“Euronews” telekanalı Azərbaycanın ən mənzərəli bölgələrindən biri olan Lənkəran haqqında yeni süjet təqdim edib.
AZƏRTAC xəbər verir ki, materialda regionun subtropik təbiətinin zənginliyi, müxtəlif meyvə bağları və yerli əhalinin özünəməxsus həyat tərzi əhatəli şəkildə əks olunub.
Reportajda qeyd edilir ki, mülayim subtropik iqlimi sayəsində Lənkəran ölkənin ən çox meyvə yetişdirilən bölgələrindən biri hesab olunur. Mandarinin, limonun, feyxoanın və kivi kimi meyvələrin yetişdirildiyi bağlar həm kənd təsərrüfatının mühüm hissəsi, həm də ekoturizm üçün cəlbedici istiqamətdir.
“Euronews” əməkdaşları “Citrus Valley” plantasiyasını ziyarət ediblər. Burada qonaqların təzə meyvələri birbaşa ağacdan yığmaq, həmçinin kivi ceminin ənənəvi üsulla – od üzərində hazırlanmasını izləmək imkanı olduğu vurğulanıb. Süjetdə bildirilib ki, bu bişirmə üsulu nəsildən-nəslə ötürülən qədim yerli ənənədir.
Materialda həmçinin qədim meşələrlə örtülü, dumanlı cığırları ilə seçilən Talış dağlarına və Sım kimi ucqar kəndlərdə yaşayan insanların təbiətlə bağlı, ahəngdar həyat tərzinə də diqqət yetirilib. Qeyd olunub ki, bölgə sakinləri əsasən əkinçilik və arıçılıqla məşğul olur, qonaqları isə ənənəvi qonaqpərvərlik və təzə dəmlənmiş qara çayla qarşılayırlar.
“Euronews”un süjetində vurğulanır ki, Lənkəran Azərbaycan üçün aqroturizm və ekoturizmin inkişafında mühüm istiqamətlərdən biri olmaqla, səyahətçilərə zəngin təbiəti, yerli ənənələri və özünəməxsus dadları bir arada təqdim edir.