“Euronews” televiziyasına müsahibə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb edir
Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev Şuşada “Euronews” televiziyasına verdiyi müsahibəsində regionumuzda vəziyyət, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri ilə bağlı fikirlərini açıqladı. Dövlətimizin başçısı dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından əl çəkərək, konstruktivlik nümayiş etdirəcəyi təqdirdə, sülh sazişinin yaxın vaxtlarda imzalanması mümkündür.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
O bildirib ki, Prezident İlham Əliyev müsahibəsində Ermənistan hökumətinə və Qarabağda yaşayan ermənilərə mesaj verdi. Azərbaycan dövləti Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi cəmiyyətimizə inteqrasiyasında qərarlıdır. Bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaqla bağlı Ermənistan öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir.
Deputatın sözlərinə görə, hazırda Ermənistan və Qarabağda qondarma rejim guya bölgədə “humanitar böhranın” olduğunu iddia edərək şou-aksiyalar təşkil edir. Onların məqsədi beynəlxalq birliyi aldatmaq və Laçın-Xankəndi yolundan istədikləri kimi istifadə etməkdir. Çünki aprelin 23-də bu yolun Ermənistanla sərhədin başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması rəsmi İrəvanın və Qarabağ separatçılarının yoldan qanunsuz məqsədlər üçün istifadə etmələrinin qarşısını aldı. Bundan sonra Ermənistan və Qarabağdakı separatçı rejim beynəlxalq ictimaiyyəti aldatmağa çalışır ki, Qarabağdakı dinc əhali guya blokada şəraitindədir və humanitar “böhranla” üzləşib.
Bütün bunların tamamilə əsassız olduğunu bildirən F.Yıldırım qeyd edib ki, təxribatçı qüvvələr heç vaxt dinc əhalini düşünmür, yalnız özlərinin maraqları baxımından çıxış edirlər. Separatçı rejimin rəhbərliyi yalnız özlərinə sərvət toplamaqla, lüks həyat şəraiti yaratmaqla məşğul olublar. İşğal dövründə Şuşada üç villanın tikilməsi də bunu təsdiqləyir. Azərbaycan humanitar məqsədlər üçün Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolunu təklif edib. Lakin separatçılar bu yolu bağlamaq məqsədilə həmin yola beton plitələr düzüblər. Təkcə bu fakt onların sülhdən uzaq olduğunu təsdiqləyir.
“Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ erməniləri başa düşməlidirlər ki, onların təhlükəsizliyi, bütün hüquqlarının təminatı yalnız Azərbaycan hökuməti tərəfindən həyata keçirilə bilər. Qarabağda, Azərbaycanın ərazisində yaşayan ermənilər revanşist qüvvələrin girovluğundan çıxaraq normal həyata dönməlidirlər”, - deyə Fatma Yıldırım bildirib.
Deputat vurğulayıb ki, Azərbaycan Prezidentinin nüfuzlu “Euronews” televiziyasına müsahibəsi regiondakı proseslərlə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük əhəmiyyət kəsb edir.