“Eurovision” mahnı müsabiqəsində Azərbaycan duetinin qələbəsi Rusiya KİV-lərinin diqqət mərkəzindədir
Bakı, 21 may (AZƏRTAC). Xarici mətbuat “Eurovision” mahnı müsabiqəsində Azərbaycan ifaçıları Eldar Qasımov və Nigar Camalın qələbəsini geniş işıqlandırmaqdadır.
AZƏRTAC xəbər verir ki, Murmansk vilayətindəki həmvətənlərimiz Azərbaycan üçün o fərəhli gündə “Radio 2x2”, “Bolşoye radio” və “Raditron”un birbaşa efirində bir-birini qələbə münasibətilə təbrik etmişlər. “Moskovski komsomolets - Murmansk” qəzeti “Eurovision-2011-də” Azərbaycan dueti qalib gəldi. Rusiyalı Aleksey Vorobyov 16-cı oldu” sərlövhəli yazı yerləşdirmişdir. Yazıda deyilir ki, “Eurovision-2011” mahnı müsabiqəsi Düsseldorf Arena səhnəsində keçirilmişdir. Müsabiqədə 43 ölkə, o cümlədən Finlandiya, Bosniya və Herseqovina, Danimarka, Litva, Macarıstan, İrlandiya, İsveç, Estoniya, Yunanıstan, Fransa, İtaliya, İsveçrə, Böyük Britaniya, Moldova, Almaniya, Rumıniya, Avstriya, Azərbaycan, Sloveniya, İslandiya, İspaniya, Ukrayna, Serbiya və Gürcüstan iştirak etmiş, finala 25 ölkə vəsiqə qazanmışdır.
“Running Scared” mahnısı ilə çıxış edən Azərbaycan nümayəndələri Eldar Qasımov və Nigar Camal 221 xalla qalib gəlmişlər. Beləliklə, növbəti “Eurovision” müsabiqəsi Bakıda keçiriləcəkdir. Qalib ölkənin nümayəndələri keçici mükafatı - “Büllur mikrofonu” öz ölkələrinə aparacaqlar. “MK-Murmansk” qəzetində Eldar və Nigarın final anındakı fotoşəkli verilmişdir. Şəkilaltı sözlərdə deyilir: ”Bakıdan olan duet “Eurovision-2011”-in finalını sanballı 32 bal üstünlüklə uddu”.
Xatırladaq ki, “Eurovision”un final mərhələsini 38 min xoşbəxt seyrçi və bütün dünya üzrə 120 milyon tamaşaçı işləmişdir.