Əyləncəli bayram proqramı yevlaxlı uşaqlara sevincli anlar bəxş edib
Yevlax, 3 yanvar, AZƏRTAC
Yevlaxda şəhər icra hakimiyyəti tərəfindən uşaqlar üçün Yeni il şənliyi təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə uşaqlara Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbriklər çatdırılıb, onlara sağlam həyat və firavan gələcək arzu edilib. Bayram şənliyində iştirak edən uşaqlar rəqs edib, şeir söyləyib, mahnı oxuyublar. Yeni ilin personajları Şaxta baba və Qar qız uşaqları bayram münasibətilə təbrik edərək onlarla birgə əylənib, rəqs ediblər.
Yevlax şəhər Yaradıcılıq evinin Kukla Xalq Teatrı tərəfindən “Güllü və Güloğlan” tamaşası nümayiş etdirilib. Tamaşa maraqla qarşılanıb və uşaqlara xoş əhval-ruhiyyə bəxş edib.
Şənliyə şən klounların qatılması uşaqları daha da sevindirib və bayram tədbirini onlar üçün unudulmaz edib.