Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO
Bakı, 9 avqust, AZƏRTAC
Kamandan oxatma üzrə ölkə çempionatı və kuboku çox maraqlı və gərgin mübarizə şəraitində keçdi.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Kamandan Oxatma Federasiyasının baş katibi Fərid Xəlilov deyib.
Yarışın təşkilatçılıq səviyyəsindən və yeniliklərdən söz açan baş katib bildirib: "Ölkə çempionatı ilk dəfədir Binə Atçılıq Mərkəzində keçirildi. Yarışda yeni dekorasiyalardan, avadanlıqlardan və texnologiyalardan istifadə olundu. Artıq Beynəlxalq Federasiyanın xal hesablama sistemini tətbiq edirik. Görüşlər çox maraqlı və gərgin keçdi. Kişilər arasında çempion "shoot-off" (əlavə atış) nəticəsində bəlli oldu, idmançılar bərabər xallar topladıqdan sonra cəmi bir xal fərqi ilə qalib müəyyənləşdi".
F.Xəlilov qadınların mübarizəsinə də toxunub: "Üçüncü yer uğrunda görüşdə də böyük həyəcan yaşandı. "Paris-2024" Yay Olimpiya Oyunlarının iştirakçısı Yaylagül Ramazanova ilə Svetlana Simonova arasında gərgin mübarizə getdi. Proqnozlara baxmayaraq, S.Simonova qalib gəldi. Hər iki idmançı "shoot-off"da eyni xalı topladığı üçün hakim heyəti xüsusi ölçü cihazları vasitəsilə millimetrlik dəqiqliklə hesab apararaq qalibi müəyyənləşdirib.
Çempionatın əhəmiyyətini vurğulayan federasiya rəsmisi nəticələrin yığma komandanın formalaşmasında əsas rol oynayacağını bildirib: "Bu yarış ümumi təqvim cədvəlinin tərkib hissəsidir. Çempionatın nəticələrinə əsasən növbəti il üçün milli komanda formalaşacaq. Qarşıda bizi çox vacib və gərgin dövr gözləyir. 2028-ci il Olimpiya ili olduğu üçün lisenziya yarışlarının əksəriyyəti 2027-ci ildə və 2028-ci ilin əvvəlində keçiriləcək. Məhz bu idmançılar lisenziya uğrunda mübarizə aparacaqlar. Artıq Məhəmmədəli Əliyev Avropa Oyunlarına lisenziya qazanıb. Biz çalışırıq ki, növbəti yarışlarda lisenziyaların sayını artıraq və qadın idmançılarımızın da ən azı bir nəfərlə təmsil olunmasını təmin edək".
Baş katib Azərbaycanda beynəlxalq turnirlərin təşkili planlarından da danışıb: "Beynəlxalq Federasiyanın rəsmi yarışlarına ev sahibliyi üçün müraciət müddəti uzun olur. Biz 2029-cu ilin əvvəli üçün müraciət etməyi planlaşdırırıq və bunun üzərində işləyirik. Bununla yanaşı, öz ölkəmizdə ənənəvi xarakter daşıyacaq yeni bir beynəlxalq turnir təsis etmək niyyətindəyik. Planımızda 10-dan çox ölkənin qatılacağı və miqyası ildən-ilə genişlənəcək turnir təşkil etmək var”.