Fevral ayının bəzi günlərində temperatur iqlim normasından bir qədər aşağı enəcək
Bakı, 31 yanvar (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, fevral ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
Fevralın birinci ongünlüyündə qeyri-sabit hava şəraiti üstünlük təşkil edəcək, bəzi günlərdə temperatur iqlim normasından bir qədər aşağı enəcək, yağıntılı olacaq, şimal küləyi tez-tez güclənəcəkdir.
Ayın ikinci ongünlüyündə isə temperaturun nisbətən yüksələcəyi ehtimal olunur.
Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi şimal-qərb və şərq rayonlarda isə normadan bir qədər yüksək olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun müsbət 3-4 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr müsbət 1-4 dərəcə, birinci ongünlüyün ayrı-ayrı gecələrində 0-4 dərəcə şaxta, gündüzlər müsbət 6-11 dərəcə, birinci ongünlüyün ayrı-ayrı günlərində 0-3 dərəcə olacaqdır. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 21-24 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 2-4 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 5-10 dərəcə şaxta, birinci ongünlüyün ayrı-ayrı gecələrində 14-18 dərəcə şaxta, gündüzlər 3 dərəcə şaxtadan müsbət 2 dərəcəyədək, birinci ongünlüyün ayrı-ayrı günlərində 5 dərəcəyədək şaxta, üçüncü ongünlüyün bəzi günlərində müsbət 5-8 dərəcə təşkil edəcəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 11-29 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ-Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy zonalarında orta aylıq temperaturun 2-3 dərəcə şaxta olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər aşağıdır. Gecələr 3-8 dərəcə şaxta, birinci ongünlüyün ayrı-ayrı gecələrində 15-18 dərəcə şaxta, gündüzlər 2 dərəcə şaxtadan müsbət 3 dərəcəyədək, birinci ongünlüyün ay-ayrı günlərində 5 dərəcəyədək şaxta, üçüncü ongünlüyün bəzi günlərində müsbət 3-8 dərəcə olacağı gözlənilir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 25-35 mm), bəzi yerlərdə isə bir qədər çox olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər, Ağdam-Ağcabədi-Füzuli-Cəbrayılda orta aylıq temperaturun müsbət 2-4 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 2 dərəcə şaxtadan müsbət 2 dərəcəyədək, birinci ongünlüyün ayrı-ayrı gecələrində 4-8 dərəcə şaxta, gündüzlər müsbət 3-8, birinci ongünlüyün ayrı-ayrı günlərində 0-3 dərəcə şaxta, üçüncü ongünlükdə müsbət 7-12 dərəcə olacaqdır. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın bəzi yerlərdə isə bir qədər çox (norma 15-22 mm) olacağı gözlənilir.
Balakən-Zaqatala- Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz zonalarında orta aylıq temperaturun 2 dərəcə şaxtadan müsbət 2 dərəcəyədək olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 4 dərəcə şaxtadan müsbət 1 dərəcəyədək, birinci ongünlüyün ayrı-ayrı gecələrində 8-13 dərəcə şaxta, gündüzlər müsbət 2-7, birinci ongünlüyün ayrı-ayrı günlərində 0-5 dərəcə şaxta, üçüncü ongünlüyün bəzi günlərində müsbət 8-11 dərəcə təşkil edəcəkdir. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 24-53 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran- Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun müsbət 4-5 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 0-5 dərəcə, birinci ongünlüyün ayrı-ayrı gecələrində 1-5 dərəcə şaxta, gündüzlər müsbət 6-10 dərəcə, birinci ongünlüyün ayrı-ayrı günlərində müsbət 1-4 dərəcə, üçüncü ongünlüyün bəzi günlərində müsbət 12-14 dərəcə təşkil edəcəyi ehtimal olunur. Aylıq yağıntı miqdarının iqlim normasına yaxın (norma 21-35 mm) olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara, Lerik-Yardımlı zonasında orta aylıq temperaturun müsbət 4-5 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr müsbət 1-5 dərəcə, birinci ongünlüyün ayrı-ayrı gecələrində 0-3 dərəcə şaxta, dağlarda 5-10 dərəcə şaxta, gündüzlər müsbət 6-10 dərəcə, birinci ongünlüyün ayrı-ayrı günlərində müsbət 1-4 dərəcə, üçüncü ongünlükdə müsbət 12-14 dərəcə təşkil edəcəkdir. Aylıq yağıntı miqdarının iqlim normasından çox (norma 44-105 millimetr) olacaqdır.