Fəxrəddin Altun: Türkiyə demokratiyanın və sülhün müdafiəçisi olmağa davam edəcək
Bakı, 14 iyul, AZƏRTAC
Dövlətimiz FETÖ-yə qarşı mübarizəsini bütün gücü ilə davam etdirir. FETÖ-dən təmizlənmə prosesinin müsbət təsirləri hüquq-mühafizə orqanlarından kəşfiyyata, bürokratiyadan terrorla mübarizəyə qədər hər sahədə özünü göstərir. Bu terror təşkilatı təkcə Türkiyənin deyil, onun yayılmasına imkan verən ölkələrin, ümumiyyətlə, bəşəriyyətin düşmənidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun Stokholm və Berlində keçirilən “15 İyul Türkiyənin Demokratiya Zəfəri” mövzusunda panel iclasın iştirakçılarına videomüraciətində yer alıb.
Türkiyə Prezidenti Administrasiyasının rəsmisi 7 il əvvəl FETÖ-yə mənsub bir qrup xainin çevriliş cəhdinin qarşısının alınması və hadisələr zamanı 252 vətəndaşın şəhid olduğunu xatırladıb. O, 2016-cı il iyulun 15-nə keçən gecə Prezident Administrasiyasının, Türkiyə Böyük Millət Məclisinin binalarının, körpülərin, təhlükəsizlik və kəşfiyyat orqanlarının gülləbaran edildiyini qeyd edib. Türkiyə xalqının öz liderinin bir çağırışı ilə küçələrə axışaraq bu hücumun qarşısını aldığını bildirən F.Altun ölkəsi üçün belə bir çətin məqamda özünü dost və müttəfiq adlandıranların, demokratiyadan dəm vuranların bu hadisəyə səssiz qalmalarından təəssüfləndiyini bildirib.
FETÖ-nun qlobal terror təşkilatı olduğunu diqqətə çatdıran F.Altunun sözlərinə görə, dünyada fəaliyyət göstərən digər terror təşkilatları kimi FETÖ-yə qarşı da beynəlxalq əməkdaşlıq və həmrəyliyə əsaslanan mübarizə aparılmalıdır.
“Ölkəmiz son 20 ildə qazandığı nailiyyətlərə yenilərini də əlavə edəcək. Türkiyə regional və qlobal səviyyədə demokratiyanın, sülhün müdafiəçisi olmaqda davam edəcək”, - deyə Fəxrəddin Altun vurğulayıb.