FƏXRİ XİYABANA ZİYARƏTƏ GƏLƏNLƏRİN ARDI-ARASI KƏSİLMİR
Dahi rəhbərimizi ziyarətə gələnlər təkcə paytaxt sakinləri deyil. Prezident Heydər Əliyevə son borclarını vermək istəyənlər Azərbaycanın bütün şəhər və rayonlarından, ən ucqar kəndlərindən Bakıya gəlirlər.
Dekabrın 23-də Bərdə, Şamaxı, Zərdab, Əli Bayramlı və digər rayonlardan gələn on minlərlə insan əbədi və əzəli rəhbərimizin məzarını ziyarət etmişdir.
AZƏRTAC-ın müxbiri həmin gün Fəxri xiyabanda olmuş, Vətənimizin xilaskar oğlunun məzarını ziyarət edənlərdən bir neçəsi ilə söhbət etmişdir.
Bakı şəhər sakini ELŞƏN ƏLİYEV:
- Unudulmaz Prezident Heydər Əliyevin məzarı xalqımız üçün ziyarətgaha çevrilmişdir. Bu sözləri deməyə əsasım var. Azərbaycanda elə bir ailə tapılmaz ki, Heydər Əliyevin zəhmətinin bəhrəsindən faydalanmasın. Bu məhəbbətin, bu ülfətin nəticəsidir ki, Fəxri xiyabana insan axınının ardı-arası kəsilmir. Bu, sözün əsl mənasında, xalqımızın Prezident Heydər Əliyev ideyaları ətrafında sıx birləşdiyini təsdiq etdi. Mən hər gün dahi insanın məzarını ziyarətə gəlirəm. Nə qədər ki, ayağım yer tutur, dahi rəhbərimizin uyuduğu bu yeri özümə ziyarətgah biləcəyəm. Çünki məmləkətimizi parçalanmaqdan, millətimizi fəlakətlərdən qurtaran bu kişidir.
Sumqayıtlı RASİM MƏMMƏDOV:
-Prezident Heydər Əliyevin vəfatı məni də sonsuz kədərləndirmişdir. Yeganə təsəllim budur ki, dahilər heç vaxt ölmürlər. Heydər Əliyev isə dahilər dahisidir. Əminəm, nə qədər ki, Azərbaycan xalqı var, Prezident Heydər Əliyev ürəklərdə yaşayacaqdır. Əbədi rəhbərimizə ümumxalq məhəbbəti heç vaxt tükənməyəcəkdir. Təbii ki, bu sevgini yaradan əsaslı səbəblər var. Prezident Heydər Əliyev bütün ömrünü xalqımızın rifahına, dövlətimizin möhkəmlənməsinə, məmləkətimizin çiçəklənməsinə həsr edibdir. Şükürlər olsun ki, xalqımız Heydər Əliyev zirvəsinin nə demək olduğunu yaxşı bilir. Mənə belə gəlir ki, Prezidentimizin xatirəsini Onun adına layiq tərzdə yad edilməsi Allaha da xoş gedəcəkdir. Ulu öndərimiz xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşamasına nail olmaq üçün yuxusuz gecələr keçirmiş, rahatlığın, dincliyin nə demək olduğunu bilməmişdir. Heydər Əliyev öz əməli işi ilə xalqın atası olduğunu tarixin səhifəsinə qızıl hərflərlə yazıbdır. İndi isə söz bizimdir. Mərhum Prezidentimizin adı layiqincə əbədiləşdirilməli, ideyalarını yaşatmalıyıq.
Məzarı nurla dolsun! Ruhu şad olsun!