FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti geyim mağazasının fəaliyyətini dayandırıb
Bakı, 18 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri Nəsimi rayonunun Hüseynbala Əliyev küçəsi, ev 3, mənzil 107 ünvanındakı “Stefana” geyim mağazasında keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib.
Belə ki, obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb və obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları quraşdırılmayıb. Həmçinin elektrik təchizatı və elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik kabel və naqillərinin izolyasiyasının gərginliyə qarşı müqavimətinin ölçülməsi barədə sənəd, bundan əlavə, obyektə dair müvafiq sənədlər (çıxarış, texniki pasport) təqdim olunmayıb. Eyni zamanda, obyekt odsöndürən balonlarla da təmin edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Bunu nəzərə alaraq yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkarlanmış “Stefana” geyim mağazasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və onun bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.