FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətində komanda qərargah təlimi keçirilib VİDEO
Bakı, 24 may, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə hal zonasında axtarış və qəza-xilasetmə işlərinin təşkili, fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qüvvə və vasitələrin idarə edilməsi, əməliyyat qərarlarının verilməsi sahəsində bilik və bacarıqların təkmilləşdirilməsi məqsədilə komanda qərargah təlimi keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin 112 - qaynar telefon xətti vasitəsilə şərti olaraq Xüsusi Riskli Xilasetmə Xidmətinin əməliyyat növbətçi hissəsinə Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi istiqamətində dənizdə sahildən 4-5 kilometr məsafədə iki motorlu qayıqda köməksiz vəziyyətdə 6 balıqçının qalması barədə məlumat daxil olub. Xidmətin müvafiq xilasetmə qüvvələrinin dərhal hazırlıq vəziyyətinə gətirilərək “hadisə zonasına yürüşü” təşkil edilib. Həyati təhlükə ilə üzləşmiş vətəndaşlar həyata keçirilən operativ tədbirlər sayəsində xilas ediliblər.
Təlim zamanı diqqət əməkdaşların baş verən fövqəladə hal zamanı vəziyyətin çevik təhlili, operativ qərarvermə, qəza-xilasetmə qüvvələrinin koordinasiyası və tətbiqi üzrə təcrübələrinin təkmilləşdirilməsinə yönəldilib.
Yekunda təlimin nəticələri müzakirə edilib. Ümumilikdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.