Fikrət Məmmədov: Dahi rəhbər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri var
Bakı, 4 may, AZƏRTAC
Dahi rəhbər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri var. Ulu Öndərin müəllifi olduğu ilk milli Konstitusiyamız, köklü hüquq islahatları aparılaraq qısa müddətdə çoxsaylı mühüm qanun və məcəllələr qəbul edilib. Yeni üç pilləli məhkəmə sistemi bərqərar edilib.
AZƏRTAC xəbər verir ki, bunu konfransda məhkəmə-hüquq islahatlarında Heydər Əliyev siyasi iradəsinin təntənəsi barədə geniş məruzə ilə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov deyib.
Bildirib ki, 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərin seçimi şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə aparıldı və nəticədə hakim korpusu 60 faiz yeniləndi. F.Məmmədov Ümummilli Liderin "Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu”, tarixi çıxışını xatırladıb.
Dahi şəxsiyyətin insanpərvərliyindən, humanistliyindən söz açan ədliyyə naziri ölkədə insan hüquqlarının etibarlı təminatı sahəsində mühüm addımların atıldığını, Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə Azərbaycanda ölüm cəzasının ləğv edildiyini, əfv və amnistiya institutlarının geniş tətbiqini qeyd edib, Ulu Öndərin ədliyyə sisteminə qayğısından danışıb.
Diqqətə çatdırıb ki, dövlət müstəqilliyimiz bərpa olunduqdan sonra Ümummilli Liderin rəhbərliyi ilə ədliyyə orqanlarının hərtərəfli inkişafı üzrə köklü islahatlar aparılıb. Nəticədə Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artıb və o, dövlətin hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrilib.