Finlandiyalı idmançı: Qəbələdəki atıcılıq mərkəzi yüksək səviyyədədir
Qəbələ, 9 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Artıq üç gündür Qəbələdə atıcılıq üzrə beynəlxalq Qran-pri yarışında iştirak edirəm. Yarış çox yüksək səviyyədə təşkil olunub. Xüsusən, Qəbələdəki atıcılıq kompleksi müasirliyi və möhtəşəmliyi ilə digərlərindən fərqlənir. Bura çox xoşuma gəlir. Kompleksdə hər şey yüksək səviyyədədir. “Qəbələ” Atıcılıq Klubu tərəfindən bu yarışın təşkilatçılığından tam razıyam. Əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.
Bu sözləri Qəbələdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən Olimpiya atıcılıq növləri üzrə III Beynəlxalq Qran-pri yarışlarının qızıl medalçısı, finlandiyalı Makela-Nummela Satu AZƏRTAC-a müsahibəsində deyib.
Finalda Rusiya idmançısına qalib gəldiyini deyən M.Satu deyib: “Çox şadam ki, Qəbələdən xoş təəsüratlarla ayrılıram. Qəbələ şəhərini, yerli insanların qonaqpərvərliyini və buradakı uğurumu heç vaxt unutmayacağam. Belə müasir atıcılıq mərkəzində dünyanın ən yaxşıları ilə mübarizə apardıq. Ümumiyyətlə, Bakıda və Qəbələdəki atıcılıq mərkəzləri çox müasir və yüksək səviyyədədir. Ötən il bu kompleksdə 100-dək ölkədən 2 minə yaxın idmançının iştirakı ilə atıcılıq üzrə Dünya Kuboku yarışlarının keçirilməsi barədə də məlumatım var”.