Fizika İnstitutunda özbəkistanlı alimlərə sertifikatlar təqdim olunub
Bakı, 10 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru akademik Arif Həşimov tərəfindən özbəkistanlı alimlərə sertifikatlar təqdim olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Ş.Raşidov adına Səmərqənd Dövlət Universitetinin əməkdaşları - kimya üzrə fəlsəfə doktoru, dosent Xurşid Taşpulatov və aspirant Firdavsi Tursunov biraylıq elmi tədqiqatlarını uğurla başa vurduqları üçün sertifikata layiq görülüblər.
Ezamiyyət müddətində özbəkistanlı alimlər Yüksək gərginliklər fizikası və texnikası laboratoriyasının müdiri fizika elmləri doktoru, dosent Təranə Nurubəylinin rəhbərliyi ilə neft və qaz yataqlarının geokimyəvi metodlarla axtarışı və kəşfiyyatı istiqamətində təlimlər keçib və birgə elmi tədqiqatlar aparıblar.