Florensiyada Azərbaycanın turizm və mədəniyyətinin qarşılıqlı əlaqəsindən danışılıb
Bakı, 18 mart, AZƏRTAC
Bu yaxınlarda İtaliyanın Florensiya şəhərində Romualdo Del Blanko Fondunun 18-ci Beynəlxalq Baş Assambleyasının toplantısı keçirilib. “Ərazi inkişafı naminə mədəniyyətlərarası dialoq üçün təlim icmaları” adlanan tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, professor Cəfər Cəfərov “Azərbaycanda turizm və mədəniyyət, xüsusilə qeyri-maddi mədəni irsin qarşılıqlı əlaqəsi” mövzusuna həsr olunan məruzəsi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, iki dünyanın 31 ölkəsindən olan müxtəlif beynəlxalq təşkilatların nümayəndələri tədbirin gündəliyində yer alan mövcud mədəni və elmi əlaqələrin qurulması, universitetlərlə əməkdaşlığın yaradılması və digər mövzularda müzakirələr aparıblar.
Qeyd edək ki, 1998-ci ildən fəaliyyət göstərən Romualdo Del Bianko Fondu dünyada mədəni irsin və mədəniyyətlərarası dialoqun təşviqi ilə bağlı layihələrin uğurlu həllində maraqlıdır. Fondda 60 ölkədən təxminən 450 nəfər üzvlük statusundadır.