Folklor İnstitutunda milli kulinariya identikliyinin virtual məkanda formalaşması araşdırılıb
Bakı, 19 oktyabr, AZƏRTAC
AMEA Folklor İnstitutunun Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsində “Milli kulinariya identikliyinin formalaşmasında virtual məkanın yeri və rolu” mövzusunda elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, mövzu ilə bağlı məruzəni Mərasim folkloru və milli kulinariya ənənəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil təqdim edib. Məruzədə Azərbaycan xalqının zəngin kulinariya ənənələrinin qloballaşma və rəqəmsallaşma şəraitində öyrənilməsinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, milli mətbəx yalnız ailə süfrəsində, gündəlik məişətdə və mərasimlərdə yaşadılan mədəni irs nümunəsi deyil, həm də sosial şəbəkələr, videoplatformalar, elektron ensiklopediyalar, bloqlar və rəqəmsal arxivlər vasitəsilə təqdim və təbliğ olunan mədəni dəyərdir.
Bildirilib ki, virtual məkan milli yeməklərin hazırlanma üsullarının, mənşəyinin, regional xüsusiyyətlərinin, mərasimlərlə əlaqəsinin və simvolik mənalarının geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Bununla yanaşı, rəqəmsal mühitdə ənənəvi reseptlərin dəyişdirilməsi, yeməklərin sadələşdirilmiş şəkildə təqdim olunması və onların milli mənsubiyyəti ilə bağlı mübahisələrin yaranması kimi məsələlər də diqqətə çatdırılıb. Dolma, plov, düşbərə, piti, qutab, lavaş və halva kimi milli mətbəx nümunələrinin virtual təqdimatının araşdırılmasının vacibliyi vurğulanıb.
Elmi seminarda “YouTube”, “Instagram”, “TikTok” və “Facebook” kimi platformaların, eləcə də elektron ensiklopediyaların, rəqəmsal arxivlərin və turizm portallarının milli kulinariya identikliyinin formalaşmasına təsiri nəzərdən keçirilib. Qeyd olunub ki, videoplatformalar yeməklərin hazırlanma texnologiyasını və ustad təcrübəsini nümayiş etdirməyə, sosial şəbəkələr onların vizual təqdimatına və populyarlaşmasına, elektron ensiklopediyalar və rəqəmsal arxivlər isə kulinariya irsinin sənədləşdirilməsinə imkan yaradır. Bununla belə, qısa videolar yeməyin hazırlanma prosesini əks etdirsə də, onun mərasimlərdəki funksiyasını, tarixi mənasını və yerli adlandırılmasını hər zaman tam şəkildə çatdırmır.
Məruzədə milli kulinariya identikliyinin nəzəri əsaslarına da toxunulub. Kollektiv yaddaş və mədəni identiklik yanaşmaları, o cümlədən Moris Halbvaksın kollektiv yaddaş və Stüart Hollun mədəni identiklik haqqında nəzəri baxışları mövzunun tədqiqi üçün əhəmiyyətli istiqamətlər kimi təqdim edilib. Vurğulanıb ki, virtual məkan milli kulinariya identikliyinin qorunmasına və möhkəmlənməsinə xidmət etməklə yanaşı, ənənəvi kulinariya biliklərinin seçilməsi, dəyişdirilməsi və yeni məna qazanması proseslərinə də təsir göstərir. Buna görə də rəqəmsal kulinariya məzmununun elmi təhlili milli mədəni irsin qorunması, Azərbaycan mətbəxinin beynəlxalq səviyyədə tanıdılması və qastronomik turizmin inkişafı baxımından əhəmiyyətlidir.