Fövqəladə Hallar Nazirliyi qanunsuz tikintilərin sökülməsi işlərini davam etdirir
Bakı, 13 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, birgə tədbirlər çərçivəsində mövcud tələblərə uyğun olaraq qanunsuz tikinti işləri dayandırılmaqla həmin obyektlərin sökülməsi təmin edilir.
Agentliyin gördüyü tədbirlər nəticəsində yanvarın 13-də paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi, Əli İsazadə küçəsində vətəndaş Talışov Arzuman Qabil oğlu tərəfindən qeyri-qanunu şəkildə zəbt olunmuş torpaq sahəsində qanunsuz tikilən obyektin söküntüsünə başlanılıb.
Nazirlik bir daha tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək, inşaat işlərinin bütün mərhələlərində mövcud qanunvericiliyin tələblərinə ciddi əməl etməyə çağırır.
FHN xatırladır ki, pozuntular aşkarlanmış obyektlərlə bağlı qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi davam etdiriləcək.