Françesko Franjialliniyə Turizm və Menecment Universitetinin fəxri doktoru adı verilib
Bakı, 16 may, AZƏRTAC
BMT-nin Dünya Turizm Təşkilatının (DTT) fəxri baş katibi Françesko Franjialliniyə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) fəxri doktoru adı verilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, bu barədə qərar mayın 16-da ATMU-nun Elmi Şurasının iclasında qəbul edilib.
F.Franjiallininin Bakıya gözlənilən səfəri çərçivəsində ATMU-nun tələbələrinə “Dünya ticarətində turizmin rolu”, “Turizmdə məşğulluq”, “Davamlılıq məfhumunun turizmdə tətbiqi”, “Turizm sektorunda böhran və turizmin yerli və milli səviyyədə təşkili” mövzularında mühazirələri təşkil olunacaq.
Qeyd edək ki, F.Franjiallini DTT-nin baş katibi vəzifəsində işlədiyi müddətdə Azərbaycan Respublikası ilə sıx əməkdaşlıq şəraitində işləyib, ölkəmizin DTT-yə üzvlüyünə dəstək olub və ölkəmizə rəsmi səfərlər edib.
F.Franjialliniyə fəxri doktor diplomu ATMU-nun Elmi Şurasının mayın 20-də keçiriləcək növbəti iclasında təqdim olunacaq.