SİYASƏT
Frano Matuşiç: Xorvatiya Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlıdır
![](/files/galleryphoto/2024/1/1200x630/1708433355154114439_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/1708433355492197651_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17084333555879243951_1200x630.jpg)
Bakı, 20 fevral, AZƏRTAC
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Səməd Seyidov Azərbaycanın Xorvatiya ilə əlaqələrə böyük önəm verdiyini bildirib və ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin rolunu vurğulayıb.
Azərbaycanın torpaqlarını Ermənistanın işğalından azad etməsindən və suverenliyinin tam bərpasından söz açan komitə sədri regiondakı mövcud vəziyyət, Azərbaycanın bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunmasına yönələn səyləri, aparılan sülh danışıqları haqqında qonaqları məlumatlandırıb.
S.Seyidov Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasını Cənubi Qafqazda sülhü istəməyən qüvvələrin Azərbaycana qarşı apardığı təzyiq və qarayaxma kampaniyasının, qərəz və ikili standartların açıq təzahürü kimi dəyərləndirib. O, regionda stabilliyin və etimad mühitinin yaradılmasında beynəlxalq ictimaiyyətin, o cümlədən Avropa ölkələrinin rolundan danışıb.
Xorvatiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiç ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, Xorvatiya ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Azərbaycanın qarşılaşdığı problemləri anlayır və bölgədə sülh quruculuğu proseslərini dəstəkləyir. Ölkələrimiz arasında bir çox sahələrdə əməkdaşlıq üçün geniş imkanlar olduğunu söyləyən qonaq Xorvatiyanın Azərbaycanla əlaqələrin dərinləşməsində maraqlı olduğunu deyib.
Milli Məclisin Xorvatiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva və işçi qrupunun üzvü Kamran Bayramov hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdir ediblər, deputatların qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışıblar, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə fikirlərini bölüşüblər.