Fransa neokolonial siyasətini bu gün də davam etdirir RƏY
Bakı, 14 iyul, AZƏRTAC
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda geniş və məzmunlu çıxış edərək regional və qlobal gündəmdə yer alan aktual məsələlərə münasibət bildirdi, Azərbaycanın mövqeyini ətraflı şəkildə diqqətə çatdırdı. Həmin mövzular arasında Azərbaycanın beynəlxalq siyasətdə mühüm rol oynadığını göstərən əsas məqamlardan biri Fransanın neokolonial siyasəti ilə bağlı oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.
Məlumdur ki, Fransa neokolonial siyasətini bu gün də davam etdirir və Okeaniya, Asiya və Afrikanın müxtəlif ölkələrində yerli xalqların hüquqlarını və həmin ölkələrin təbii resurslarını istismar edir. Dövlət başçısı çıxışında qeyd etdi ki, bu neokolonial siyasətlə mübarizədə Bakı Təşəbbüs Qrupu (BTQ) ən effektiv platformalardan biridir. Azərbaycan, xüsusilə də Bakı bu hərəkatın mərkəzi rolunu oynayır və BTQ-nin fəaliyyəti nəticəsində mühüm uğurlar əldə olunur. Bu fəaliyyət hər hansı bir ölkəyə, o cümlədən Fransaya qarşı deyil, ümumilikdə müstəmləkəçilik və işğalçılıq siyasətinə qarşı yönəlib. Fransa isə tarixən separatizmin, müstəmləkəçiliyin və yerli xalqların istismarının aparıcı iştirakçılarından biri olub. Bu baxımdan, söhbət konkret olaraq Fransaya qarşı mübarizədən deyil, neokolonial siyasətə qarşı aparılan beynəlxalq mübarizədən gedir və Azərbaycan bu prosesin fəal iştirakçısıdır.
Tarixçi onu da qeyd edib ki, Fransanın Azərbaycan-Ermənistan münaqişəsinin dərinləşməsində, gərginliyin artmasında və münaqişənin daha qanlı mərhələyə keçməsində də mənfi təsiri olub. “Fransa illər boyu erməni separatizmini və onun işğalçı siyasətini dəstəkləyib, həm 1990-cı illərdə, həm də sonrakı dövrlərdə bu mövqeyini açıq şəkildə nümayiş etdirib. Azərbaycan isə öz gücü və müttəfiqlərinin dəstəyi ilə bu vəziyyətdən çıxaraq 44 günlük Vətən müharibəsində qələbə qazandı. Buna baxmayaraq, bu gün də Fransanın Azərbaycan-Ermənistan sülh prosesinə mane olmağa çalışdığı müşahidə edilir”, - deyə R.Hüseynov qeyd edib.