Fransada Bastiliyanın alınması Günü fərqli atmosferdə qeyd olunur
Bakı, 14 iyul, AZƏRTAC
Fransanın milli bayramı sayılan Bastiliyanın alınması Günündə asayişi güc strukturlarının 130 min əməkdaşı qoruyacaq.
AZƏRTAC xəbər verir ki, bayram günündə Parisin Yelisey çöllərində ənənəvi parad keçiriləcək, digər şəhərlərdə isə konsertlər və atəşfəşanlıq təşkil olunacaq.
Bu il sosial təlatümlər dövrünə düşən milli bayram fərqli atmosferdə keçirilir. Beşinci Respublikanın hökuməti iki həftə öncə baş verən iğtişaş və talanların təkrarlanmaması üçün gücləndirilmiş təhlükəsizlik tədbirləri görür. Asayişin qorunmasına 130 min polis və jandarm səfərbər olunub, elit bölmələr, helikopterlər və zirehli maşınlar cəlb edilib. Asayişi maksimum səviyyədə qorumaq, qaydaları pozanları sistematik saxlamaq göstərişi verilib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, bayram ərəfəsində əhalidən 4 ton pirotexniki vasitələr müsadirə olunub. Bəzi şəhərlərdə yerli idarəetmə orqanları iğtişaşlardan və ya meşə yanğınlarından ehtiyatlanaraq atəşfəşanlığı ləğv edib.
Hindistanın Baş naziri Narendra Modi bayram şənliyinin fəxri qonağıdır. Onun Paris və Dehli arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasının 25-ci ildönümünə təsadüf edən səfəri bəzi QHT-lərin narazılığına səbəb olub. Hüquq müdafiəçiləri Dehlini milli və dini azlıqları təqib etməkdə günahlandırır.