FRANSANIN AZƏRBAYCANDAKI İLK SƏFİRİ JAN PERRƏN:
PREZİDENT HEYDƏR ƏLİYEVLƏ İLK GÖRÜŞÜM
1993-cü ilin əvvəlləri idi. Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən sonra vəzifəsindən uzaqlaşdırılmış və Naxçıvanda yaşayan Heydər Əliyevə baş çəkməyi qərara aldım.
Naxçıvan Muxtar Respublikasından Azərbaycan parlamentinə deputat seçilmiş Heydər Əliyev 1991-ci ilin payızından Naxçıvan Ali Məclisinin sədri idi.
Naxçıvan ziddiyyətli iqlimi olan bir ərazidir. Bakıdan fərqli olaraq, havanın temperaturu qışda bəzən mənfi 30 dərəcəyə düşür. Novruz bayramı ərəfəsi olsa da, bərk şaxta idi. Başqa yanacaq vasitəsi olmadığından bütün ağaclar kəsilmişdi. Elektrik enerjisi, demək olar ki, yox dərəcəsində idi. Ermənistan və İran sərhədində yerləşən Naxçıvan Ermənistanla münaqişə nəticəsində Azərbaycandan tamamilə təcrid olunduğundan əziyyət çəkirdi. Əhalinin acınacaqlı vəziyyətini bilirdim və bizim humanitar təşkilatın köməyi ilə oraya təyyarədə 40 ton ərzaq aparmağa nail oldum, çünki yük mütləq Novruz bayramı qabağı çatdırılmalı idi.
Müntəzəm uçuşların dayandırıldığı bir vaxtda təyyarəmiz qarlı tufana baxmayaraq, yerə endi. Bu cür şücaəti yalnız səriştəli və əraziyə yaxşı bələd olan təyyarəçilər göstərə bilərdi.
Heydər Əliyevlə belə bir şəraitdə, həyat yoldaşımın müşayiəti ilə görüşdük. Mən belə bir addım atan ilk səfir idim. Öz zəhmi ilə bizi təsirləndirən bu insan qonaqları qızdırılmayan otaqdakı soyuqla təzad təşkil edən bir hərarətlə qarşıladı. Ümumi sözlərdən sonra Ali Məclisin sədri siyasi şəxsiyyətlər və digər mövzular barədə öz fikrini açıq söylədi. Hadisələrin sonrakı gedişi onun fikirlərinin düzgün olduğunu təsdiqlədi. Heydər Əliyevdən ayrılarkən onu tezliklə Bakıda yenidən görmək arzusunda olduğumuzu bildirdik və bu arzumuz az sonra həyata keçdi.
Naxçıvana bu səyahət xatirimizdə əbədi iz saldı. O vaxtdan etibarən aramızda etibarlı əlaqələr yarandı.
Hadisələr sürətlə inkişaf edirdi. Bir il öncə dövlət çevrilişindən sonra hakimiyyətə gəlmiş prezident Elçibəy ölkədə böyük ehtiram bəslənilən Heydər Əliyevi 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya çağırdı ki, öz nüfuzundan istifadə edərək, ölkədə yaranmış hərc-mərcliyə son qoysun. Beləliklə, arzumuz çin oldu...
Söhbəti yazdı: Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris, may 2003-cü il.