Fransanın məqsədi dövlətlərarası münasibətləri tənzimləmək yox, Cənubi Qafqazda möhkəmlənməkdir - Ekspert
Bakı, 21 fevral, AZƏRTAC
Münxen Təhlükəsizlik Konfransı əsasən Rusiya-Ukrayna müharibəsinə həsr olunmuşdu. Burada Rusiyanı tənqid hədəfinə çevirən əsas ölkə isə Fransa idi. Məqsədi Moskvanın Cənubi Qafqazda təsir imkanlarını azaltmağa hesablanan Fransanın Rusiyanın Afrika ölkələri üçün də təhdid olduğunu vurğulaması diqqət çəkən məqamlardan idi. Səsləndirilən fikirlər ona əsaslanır ki, Fransanın Afrika ölkələrindəki silahlı birləşmələri Rusiyanın əli ilə çıxarılıb. Bir növ Fransa Rusiya tərəfindən buna məcbur edilib. Çünki uzun illər Fransanın Afrikada müstəmləkələri olub. Nəticədə isə Fransa həmin ərazilərdən çıxarılmaqla böyük maliyyə resursları ilə yanaşı, bölgədəki təsir imkanlarını da itirdi.
Bu fikirləri hərbi-siyasi ekspert Telman Qasımov AZƏRTAC-a açıqlamasında deyib.
Ekspert bildirib ki, Fransa Münxen Təhlükəsizlik Konfransında yenə də ikili siyasət yürütmə xəttinə sadiq qaldı. Belə ki, Emmanuel Makron Nikol Paşinyanın timsalında Ermənistanın yanında olduğunu bəyan etdi. Xatırlatmaq yerinə düşər ki, Fransa bir tərəfdən də Azərbaycan ilə Ermənistan arasında vasitəçi olmaq istəyirdi. Aydın məsələdir ki, bu cür qərəzli davranışla sülh prosesinə töhfə vermək mümkün deyil. Deməli, Fransanın əsas məqsədi dövlətlərarası münasibətləri tənzimləmək yox, öz mənafeyinə uyğun olaraq Cənubi Qafqazda möhkəmlənməkdir. Bu da onu deməyə əsas verir ki, Fransa Ermənistanı açıq şəkildə dəstəklədiyi üçün yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması real görünmür. Fransanın önəmli fiqur kimi konfransda çıxışı isə Avropanın getdikcə azalan nüfuzundan xəbər verir.
“Rusiyanın rəsmi şəxsləri Fransa ilə yaxınlığa görə Ermənistana xəbərdarlıq da ediblər. Çünki Ermənistan Rusiyanı görməməzliyə vurmağa çalışır. Bu da iki ölkə arasında münasibətlərin getdikcə gərginləşməsinə gətirib çıxara bilər. Bundan öncə Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin də Qərb ölkələrini dəstəkləyən dövlətlər barədə sərt mövqe bildirmişdi. Bu da Avropanı Rusiyaya qarşı daha kəskin münasibət göstərməyə sövq etdi. Belə ki, Qərb dövlətləri də sona qədər Ukraynanın yanında olmağa davam edəcəklərini bildirdilər”, - deyə T.Qasımov vurğulayıb.