Fuad Muradov: Azərbaycanda diaspor quruculuğunun əsası Ulu Öndər tərəfindən qoyulub
Bakı, 10 may, AZƏRTAC
Ulu Öndər Heydər Əliyevin 100 illiyi hər bir Azərbaycan vətəndaşı üçün xüsusi bir gündür. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız bu günü qeyd edirlər. Bu il yüzdən çox tədbir planlaşdırılıb, onların bir qismi artıq keçirilib. Bu yaxınlarda Azərbaycan mədəniyyətini təmsil etmək üçün bir qrup soydaşımızla birlikdə tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib.
Komitə sədri deyib ki, Azərbaycanda diaspor quruculuğunun əsası Ulu Öndər tərəfindən qoyulub. Diaspor Komitəsinin yaranması dünyada nadir hadisə idi. İyirmi il əvvəl yumşaq dildən istifadə, eyni zamanda, ictimai-siyasi proseslərə diasporun yanaşması fərqli idisə, bu gün artıq bütün böyük dövlətlərdə də həm diaspor quruculuğu, həm də yumşaq dildən istifadə gündəmdədir. Nəzərə alsaq ki, soydaşlarımızın bu istiqamətdə fəallığı çox böyükdür, buna görə Ümummilli Lider Heydər Əliyevə borcluyuq.
Bu gün Prezident İlham Əliyev tərəfindən diaspor sahəsinə böyük diqqət yetirildiyini vurğulayan F.Muradov deyib: "Ötən il Dünya Azərbaycanlılarının Qurultayının Şuşada keçirilməsi, orada soydaşlarımızın Prezidenti dinləməsi, dövlətimizin başçısının diaspor qarşısında duran əsas istiqamətləri müəyyənləşdirməsi əlamətdar hadisə idi. Bu gün biz Ulu Öndər yolunun davamçılarıyıq. Azərbaycanın bugünkü və gələcək inkişafının təməli Ümummilli Liderin zamanında qoyulub. Həmin strategiya bu gün də uğurla davam edir".