REGİONLAR
Füzuli Dövlət Dram Teatrı 33-cü teatr mövsümünə yekun vurub
![](/files/galleryphoto/2023/2/1200x630/16894974844783913290_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16894974842861752282_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16894974844466561564_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16894974844812535821_1200x630.jpg)
![](/files/galleryphoto/2023/2/1200x630/16894974855272516418_1200x630.jpg)
Füzuli 16 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli Dövlət Dram Teatrı 33-cü teatr mövsümünə Xaqani Əliyevin “Molla Nəsrəddin” tamaşası ilə yekun vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamaşadan əvvəl mövsümün bağlanışı ilə əlaqədar yekun iclas keçirilib.
İclası teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev açaraq kollektivə gələcək işlərində uğurlar arzulayıb. Qeyd olunub ki, teatrda bu il Mədəniyyət Nazirliyinin təsdiq etdiyi repertuar planına uyğun Abdulla Elşadlı "Tənhalığın evi", Xaqani Əliyevin "Molla Nəsrəddin", Ələsgər Qurbanovun "Tənbəl Əhməd" tamaşaları hazırlanıb və ictimaiyyətə təqdim olunub. Bununla yanaşı, Yeni il və Novruz bayramı ilə əlaqədar şou-proqramlar, Xocalı soyqırımına həsr olunmuş "Şəhid şəhər Xocalı” , 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar "Şəhidlər ölməz” və bir çox poetik xalq tamaşaları rayon ictimaiyyətinə təqdim edilib.
Diqqətə çatdırılıb ki, teatr 4.4 Qısa Tamaşalar Festivalında, "Milli klassika" festivalında, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsində iştirak edib və diploma layiq görülüb. Teatr Ağdam, Tərtər, Goranboy, Gəncə, Mingəçevir, Xocavənd və s. rayonlarda qastrol səfərində olub.
Vaqif Vəliyev bildirib ki, hər il olduğu kimi bu il də sənət ocağı mütəmadi olaraq hərbi hissələrdə olub, müxtəlif janrlı tamaşalar, həmçinin konsert proqramı ilə çıxış edib. Teatrın hərbi hissədəki bu xidmətləri nəzərə alınaraq yüksək qiymətləndirilib, fəxri fərman və diplomlarla təltif olunub.
Teatrın quruluşçu rejissor Nicat Mirzəzadə qarşıdakı yeni mövsümdə görüləcək işlərdən danışıb, kollektivə xoş istirahət arzulayıb.
Qeyd edilib ki, teatr növbəti mövsümü N.B.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşası ilə açacaq.
Çıxışlardan sonra quruluşçu rejissoru Nicat Mirzəzadə, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanzadə olan Xaqani Əliyevin "Molla Nəsrəddin" tamaşası nümayiş olunub. Tamaşada rolları Sehran Xanlarov, İntizar Quliyeva, Asif Şirinov, Şəlalə Nəsirova, Qaçaq Qarayev, Əli Hüseynov, Günel Hacıyeva, Elçin Məmmədov, Vüqar Babayev, Emin Abışov, Vüsal Həsənov, Aygün Cəfərova və Qəlbinur Əhmədli ifa edib.