REGİONLAR
Füzuli rayonunda ehtiyacı olan şəxslərə sosial xidmətlər göstərilir
Füzuli, 27 mart, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə Füzuli rayonunda profilaktik tədbirlər və dezinfeksiya işləri gücləndirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, profilaktik tədbirlərin davamı olaraq martın 27-də rayon ərazisində 6 müxtəlif təyinatlı binada, bir parkda, bir qəsəbədə və 7 kənddə dezinfeksiya işləri həyata keçirilib.
Rayonda Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq əhali arasında karantin qaydalarına ciddi riayət edilməsi barədə maarifləndirmə işinin aparılması da diqqətdə saxlanılır. Xüsusi risk qrupuna aid olan 65 yaşdan yuxarı vətəndaşların evdən küçəyə çıxması qadağan edilib. Odur ki, bu yaş qrupuna daxil olan, tənha yaşayan sakinlərin ən zəruri ehtiyaclarının ödənilməsi üçün onlara sosial xidmətlər göstərilir.
Yaşlılara xidmətlərin göstərilməsində rayon icra hakimiyyətinin əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin əməkdaşları ilə yanaşı, könüllülər də fəal iştirak edirlər. Bundan başqa, rayonun tibb işçiləri tərəfindən yaşlı və tənha insanlara lazımi tibbi xidmətlər göstərilir.