ORDU
Gecikən açıqlamalar epidemiyası və Ermənistan parlamentini vəlvələyə salan iki amil
Bakı, 6 may, AZƏRTAC
Bir neçə gündür ki, Ermənistanın daxili ictimai-siyasi həyatında əvvəlcə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun açıqlaması, sonra isə Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun döyüş fəaliyyətlərinin aparılmasına hazır olmalıyıq şəklindəki açıqlaması əsas müzakirə predmetinə çevrilib.
Siyasi şərhçi-icmalçı Ehtiram Aşırlı AZƏRTAC-a bildirib ki, xüsusilə, bu açıqlama erməni KİV-lərində və Ermənistan parlamentinin deputatları arasında böyük narahatçılığa səbəb olub. Deputatların canına əməlli-başlı vəlvələ düşdüyü də açıq-aydın sezilir. Deputatlar öz yerlərini bərkitmək və Ermənistan əhalisi arasında əlavə xallar qazanmaq, eləcə də qorxularını xalqın canına yeritmək üçün Azərbaycan tərəfinin döyüşə başlamağa hazırlaşdığını iddia edirlər.
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun açıqlamasından bir neçə gün sonra, daha dəqiq ifadə etsək, mayın 4-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev ilə birlikdə ön cəbhəyə səfəri erməni ictimaiyyəti arasında “növbəti Aprel döyüşlərimi başlayır?” şəklində fikirlərin səslənməsinə və rəhbərliklə xalq arasında gərginliyin artmasına gətirib çıxardı. Məhz buna görə, mayın 5-də Ermənistanda keçirilən parlament iclası zamanı “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan Azərbaycan Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun açıqlamasına istinad edərək “Gəlin, bu açıqlamalardakı riskləri saxta vətənpərvərlik və düşmənə bir qarış torpaq yoxdur” şüarları ilə ört-basdır etməyə çalışmayaq” kimi fikirlə çıxış edərək narahatlığını ifadə edib.
Buradan belə bir qənaətə gəlmək olar ki, işğalçı ölkənin deputatı Ermənistan hökumətinə Azərbaycan Müdafiə nazirinin açıqlamasına ciddi yanaşmağa və erməni xalqını növbəti dəfə acı tale ilə üzbəüz qoymamağa çağırır. “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zöhrabyan müdafiə naziri Davit Tonoyandan fərqli olaraq çox yaxşı başa düşür ki, Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovun açıqlamaları Azərbaycan Ordusunun fəaliyyətlərində hər zaman əksini tapır. Bununla yanaşı, işğalçı ölkənin deputatı Ermənistan ordusu ilə Azərbaycan Ordusu arasında müqayisəolunmaz dərəcədə böyük bir uçurumun olduğunu və erməni xalqının bundan sonra növbəti müharibəyə tab gətirə bilməyəcəyini anlayır.
“Rusiya Xarici İşlər naziri Serqey Lavrovun və Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənovun açıqlamaları Ermənistan hökumətini iki seçim qarşısında qoyur. Ya işğalçı ölkənin rəhbərliyi danışıqlar prosesində düzgün mövqe sərgiləyərək sülh yolu ilə torpaqlarımızdan silahlı qüvvələrini çıxarmalıdır, ya da Azərbaycan Ordusu döyüşərək ərazi bütövlüyümüzün təmin olunması üçün torpaqları azad edəcək. Bu iki məqam işğalçı ölkənin bundan sonrakı danışıqlar prosesində konstruktiv addımlar atmağa məcbur edir”, - deyə E.Aşırlı bildirib.