“Gələcəyimiz üçün ağac əkək” devizi altında 5 min ədəd Eldar şamı əkilib
Bakı, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 15-20-ci kilometrliyində “Gələcəyimiz üçün ağac əkək” devizi altında növbəti ağacəkmə aksiyası keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aksiyada 5 min ədəd Eldar şamı, sərv, tuya, akasiya, zeytun ağacları əkilib, abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
ETSN bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.