Gənc bioloqlar Dendrologiya İnstitutundakı nadir bitkilər barədə məlumatlandırılıb
Bakı, 1 mart, AZƏRTAC
“Gənc bioloqların qış məktəbi-2019”un iştirakçıları AMEA-nın Dendrologiya İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi işlər üzrə direktor müavini Zümrüd Məmmədova belə tədbirin təşkil edilməsinin gənclərin elmə cəlb olunmasına böyük töhfə verdiyini vurğulayıb. Qeyd olunub ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür. Azərbaycan gəncliyi ictimai həyatımızın bütün sahələrində öz fəaliyyəti ilə seçilir. İstedadlı, savadlı, bacarıqlı gənclər ölkəmizin inkişafına töhfələr verir, bunu özlərinin vətəndaşlıq borcu sayırlar. Dövlətimiz də onlara hərtərəfli qayğı göstərir. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə gəncləri həmişə diqqətdə saxlayıb, ölkənin inkişafının əsas hərəkətverici qüvvəsi kimi onlara böyük etimad göstərib. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov Bilologiya və Tibb Elmləri Bölməsinə daxil olan institutların gənc alim və mütəxəssislərinin, eləcə də respublikanın ümumtəhsil müəssisələrinin gənc bioloqlarının elmi biliklərinin təkmilləşdirilməsinə, həmçinin onların gələcək fəaliyyətlərinin istiqamətləndirilməsinə xidmət edən bu layihənin proqramında yeni elmi prioritetlərə dair ustad dərsləri, maraqlı elmi məruzələr və disputlar, ekskursiyalar və s. nəzərdə tutulduğunu bildirib.
Tədbirdə məruzələr dinlənilib, müzakirələr aparılıb. Yeni texnologiyalarla təchiz edilmiş laboratoriyalarla tanış olan gənclərə institutun tarixi, nadir ekzotik və endemik bitkilər, biomüxtəliflik barədə məlumat verilib.
Qeyd edək ki, “Gənc bioloqların qış məktəbi-2019” AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatçılığı ilə fevralın 27-də fəaliyyətə başlayıb.