GƏNC QIZLAR AVARÇƏKMƏYƏ CƏLB OLUNURLAR
Bakı, 27 mart (AZƏRTAC). Azərbaycan Milli Avarçəkmə Federasiyası (AMAF) avarçəkmənin bütün növlərinin inkişafına qayğı ilə yanaşır. Federasiya son illər ölkəmizdə gənc, perspektivli idmançıları aşkarlamaqla yanaşı, qızların da idmanın bu növündə təmsil olunmasına xüsusi diqqət yetirir. Qadınlardan ibarət yığma komandanın məşqçisi Jana Məmmədoba AMAF-ın saytına müsahibəsində bu istiqmətdə görülmüş işlər barədə danışmışdır.
Mütəxəssis görülmüş işlər nəticəsində yaxın bir neçə ildə güclü kollektivin yaranacağını söyləmişdir: “1994 - 1996-cı il təvəllüdlü qızlardan ibarət yaxşı idmançılarımız var. Onlar perspektivlidirlər, hazırkı yaşları gələcəkdə daha yaxşı nəticələr göstərməyə imkan verir”.
Bununla yanaşı, məşqçi müəyyən problemlərin mövcudluğunu da etiraf etmişdir. Onun fikrincə, çatışmazlıqlardan biri Bakıda məşq şəraitinin istənilən səviyyədə olmaması ilə bağlıdır: “Düzdür, paytaxtdakı Hərbi Dəniz Qüvvələri İdman Klubunun ərazisində avarçəkmə hovuzumuz var. Qızlar orada məşq edirlər. Avar çəkməyi də məhz həmin hovuzda öyrəniblər. Lakin Bakıda uzun məsafələri qət etmək, bir-biriləri ilə yarışmaq imkanları yoxdur. Mingəçevirdə isə belə imkanlar mövcuddur. Əgər qızlar Mingəçevirdə daim təlim-məşq toplantısında olsalar, qısa vaxtda irəliləyişə nail ola bilərik”.
Digər problem ölkəmizdə avarçəkmə üçün yüksəl fiziki göstəricilərə malik qızların olmamasıdır. Azərbaycanlıların boy və bədəncə fərqləndiyini deyən J. Məmmədova avarçəkmə üçün münasib qızları tapmaqda çətinlik çəkdiklərini söyləmişdir. O demişdir ki, burada mentalitet də öz sözünü deyir: “Hələ SSRİ dövründə qarışıq nikahlardan doğulan yüksək fiziki göstəricilərə malik qızlar vardı. Onların əksəriyyəti başqa millətlərdən idi. Azərbaycanlılar arasında isə avarçəkməyə meylli qızlar tapmaq müəyyən çətinliklərlə bağlıdır. Amma yenə də milli kadrlar tapıb, üzə çıxarmağa çalışırıq, bütün məktəblərdə oluruq. Artıq 10 nəfər perspektivli qız avarçəkənimiz var. Onlardan 7-si akademik avarçəkmə, 3-ü isə kayakla məşğul olur.”
Avarçəkən qızlarımız 2008-ci ildə Azərbaycan birinciliyində və Mingəçevir reqatasında, bu il isə beynəlxalq “Prezident Kuboku” reqatasında çıxış ediblər. Ölkə xaricində keçirilən yarışlara isə gələn ildən qatılacaqlar.
######
