Gəncə Dövlət Universiteti dünya universitetlərinin innovasiya reytinqində ilk 100 universitet arasında yer alıb
Bakı, 14 iyul, AZƏRTAC
Gəncə Dövlət Universiteti Azərbaycan universitetləri arasında ilk dəfə olaraq WURI (The World University Rankings for Innovations – Dünya universitetlərinin innovasiya üzrə reytinqi – (www.wuri.world) Reytinq sistemində 16 kateqoriyadan biri olan “A8. Qlobal çağırışlara DİM-əsaslı (Dayanıqlı İnkişaf Məqsədləri) cavablar (A8. SDG-Based Responses to Global Challenges)” üzrə ilk 100 universitet siyahısında yer alıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, WURI Reytinq sisteminin nəticələri Filippində təşkil edilmiş “WURI – 2025 Hibrid Konfransı”nda açıqlanıb.
Qeyd edək ki, WURI Reytinq sisteminin qiymətləndirmə prosesinə Gəncə Dövlət Universitetinin əməkdaşları mütəxəssis kimi cəlb olunub. Təşkilatçılar tərəfindən universitetin prosesdə iştirak edən əməkdaşları sentyabrın 24-dən 26-dək Cənubi Koreyada təşkil ediləcək “WURI qlobal konfransı”na dəvət olunub.
WURI Reytinq sistemi universitetlərin Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərini (SDGs) öz təhsil və tədqiqat fəaliyyətlərində necə tətbiq etdiyini müəyyən edir. Sistem universitetlərin keyfiyyətli təhsil, iqlimlə bağlı fəaliyyət, bərabərsizliklərin azaldılması və dayanıqlı şəhərlərin yaradılması kimi 17 DİM-i öz kurikulumlarına və tədqiqat təşəbbüslərinə necə inteqrasiya etməsini ölçür. Eyni zamanda, bu reytinq sistemi universitetlərin tələbələri və ictimaiyyəti qlobal çağırışların öhdəsindən gəlmələri və davamlı gələcəyə töhfə vermələri üçün nə qədər bilik və bacarıqlarla təmin etməsini müəyyənləşdirir.