Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanılıb
Gəncə, 8 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, İdris Quliyev idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etmiş və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 30 sutka inzibati qaydada həbs edilib.
Bundan başqa, araşdırmalarla bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərə konstruksiya dəyişikliyi, görməni məhdudlaşdıran şüşə və digər vasitələrdən istifadə edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. Həmin sürücülər də saxlanılaraq profilaktik söhbət aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.