Gəncədə narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir və treninq keçirilib
Gəncə, 15 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu Gəncəyə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının üzvləri ilə görüş keçirilib. Görüş zamanı bildirilib ki, şəhərin ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün aidiyyəti qurumların mütəxəssislərinin xüsusi təqdimatları ilə narkomanlıq probleminə dair təlim və treninqlərin keçirilməsi nəzərdə tutulub.
Bununla yanaşı, iclasda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq görülmüş işlər və qarşıda duran vəzifələrə dair müzakirələr aparılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədri Səməd Tomuyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə imzaladığı müvafiq Sərəncam əsasında hazırlanmış və təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, 2021-ci ilin 9 ayı ərzində Gəncə şəhərində narkomaniya ilə mübarizədə görülmüş işlər barədə geniş məlumat verib.
Daha sonra Gəncə Dövlət Universitetində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən narkomanlıq probleminə dair treninq keçirilib. Karantin rejiminə uyğun olaraq keçirilən treninqdə Komissiyanın İşçi Qrupu rəhbərinin müavini və sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu çıxış ediblər. Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu barədə ətraflı məlumatlar verilib.
İştirakçılara Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar verilib.