“GƏNCLƏR SİVİLİZASİYALARIN ALYANSI NAMİNƏ” BEYNƏLXALQ KONFRANSIN İŞTİRAKÇILARINA
Hörmətli gənclər!
Əziz qonaqlar!
Sizi - “Gənclər sivilizasiyaların alyansı naminə” Beynəlxalq konfransın iştirakçılarını ürəkdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram.
Müasir dövrün reallıqları gənclərlə iş sahəsində daha çevik siyasət aparılmasını tələb edir. Gənclərin problemlərinin öyrənilməsi və həlli üçün yeni iş üsullarının tətbiq edilməsi tarazlaşdırılmış və dünyəvi prinsiplərə əsaslanan gənclər siyasətinin formalaşdırılması zərurətini meydana çıxarır. Müstəqil Azərbaycanda gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Görülən işlər gənclərin maraqlarının və hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait yaradılmasını sürətləndirmiş, gənclərin təşkilatlanmasına və ictimai-siyasi fəallıqlarının artmasına təkan vermişdir.
Bu gün Azərbaycanda milli mənəvi dəyərlərimizi, ana dilimizi, adət-ənənələrimizi qoruyub yaşadan, eyni zamanda, ümumbəşəri ideyaları mənimsəyərək, dünyanın qabaqcıl gəncliyi ilə inteqrasiya etməyə qadir olan nəsil yetişmişdir. Onlar Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni qəsbkarları tərəfindən işğal edilmiş torpaqlarımızın azad olunması naminə qüvvə və bacarıqlarını səfərbər edərək fəaliyyət göstərirlər. Son illərdə ölkəmizin iqtisadiyyatının misli görünməmiş yüksəlişi gənclərimiz qarşısında geniş üfüqlər açmış və onlara bəslənilən ümidləri daha da artırmışdır.
2007-ci ilin Azərbaycanda “Gənclər ili” elan edilməsi ilə əlaqədar ölkəmizdə müxtəlif səviyyəli tədbirlər təşkil olunmaqdadır. Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Avropa Şurası, İSESKO kimi beynəlxalq təşkilatların və Heydər Əliyev Fondunun birgə təşkil etdiyi “Gənclər sivilizasiyaların alyansı naminə” Beynəlxalq konfransın bu baxımdan ölkəmizin ictimai-siyasi həyatında özünəməxsus yeri vardır.
Belə bir tədbirin sivilizasiyaların qovuşuğunda yerləşən, özündə Şərq və Qərb mədəni dəyərlərini cəmləşdirən Azərbaycanda keçirilməsi böyük əhəmiyyət kəsb edir. Ümidvaram ki, elm, mədəniyyət və sosial sahələrdə tanınmış alimlər tərəfindən sivilizasiyaların qarşılıqlı münasibətləri, siyasi, ictimai-mədəni problemləri haqqında aparılacaq müzakirələr və fikir mübadilələri gənc liderlərin formalaşmalarına və bu sahədə onların dünya təcrübəsini öyrənmələrinə öz töhfəsini verəcəkdir. Mən “Gənclər sivilizasiyaların alyansı naminə” beynəlxalq təşəbbüsün nəticəsi olaraq, eyniadlı hərəkatın yaradılması ideyasını da alqışlayıram.
Bir daha konfransınızın işinə müvəffəqiyyətlər arzulayır, hamınıza cansağlığı, uzun ömür və ölkələrimizdə bu beynəlxalq gənclər hərəkatının geniş vüsət alması naminə uğurlar diləyirəm.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 noyabr 2007-ci il.