“Gənclərin vətəndaşlıq tərbiyəsində 20 Yanvar hadisələrinin rolu” mövzusunda konfrans keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Gənclər və İdman Nazirliyində “Gənclərin vətəndaşlıq tərbiyəsində 20 Yanvar hadisələrinin rolu” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə tələbə gənclər təşkilatlarının, gənclər təşkilatlarının üzvləri və fəal gənclər iştirak etmişlər.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirmişdir ki, 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş konfransın məqsədi qanlı faciənin növbəti ildönümünün anılması və tarixi faktların gənclərə çatdırılmasıdır. Nazir müavini xalqımızın faciəvi, eyni zamanda, tariximizin şərəfli səhifəsinə çevrilmiş 20 Yanvar hadisələrinin dəhşətlərindən bəhs etmişdir. Həmin gecə Azərbaycan xalqının öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxmasından, ölkəmizə təcavüz edən imperiyanın hərb maşınının - ağır hərbi texnikanın, silahlanmış amansız hərbçilərin qarşısına əliyalın şəkildə çıxmasından danışmışdır.
Vurğulanmışdır ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar. Xalqımızın haqq səsini dünyaya ilk çatdıran ümummilli liderimiz Heydər Əliyev olmuşdur. O, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı etdiyi zorakılığı pisləmiş, bunu bütöv bir xalqa qarşı qəsbkarlıq və cinayətkar hərəkət adlandırmış, təcavüzə cəsarətlə kəskin etirazını bildirmişdir. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət də məhz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra verilmişdir.