Geosiyasi gərginliklər yanacaq bazarında neft emalı marjalarını kəskin artırır
Bakı, 10 sentyabr, AZƏRTAC
Qlobal miqyasda geosiyasi gərginliklər yanacaq bazarında neft emalı marjalarının kəskin artmasına səbəb olur.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ABŞ-İran münaqişəsindən bir gün əvvəl – fevralın 27-də Aralıq dənizi hövzəsindəki neft emalı marjası bir barel üçün təxminən 27 dollar olub, mart ayında 47,5 dollara, Yaxın Şərqdəki yeni proseslər fonunda isə sentyabrın 8-də 78,5 dollara yüksəlib.
Qlobal neft məhsulları bazarındakı gərginlik Avropa və ABŞ-dəki neft emalı marjalarında da öz əksini tapıb. Sentyabrda Avropada dizel yanacağı neft emalı marjası rekord həddə - barel üçün 78,91 dollara çatıb. Dünyanın ən böyük neft istehsalçısı olan ABŞ-də dizel yanacağı neft emalı marjası ilk dəfə olaraq barel üçün 100 dolları keçib və gün ərzində ticarətdə rekord həddə - 108,02 dollara çatıb.
Beynəlxalq Enerji Agentliyinə görə, mövsümi olaraq artan tələbat, təklif çatışmazlığı və aşağı ehtiyatlar, dizel, reaktiv yanacaq və benzin üçün artan qiymət fərqləri ilə birlikdə Atlantik hövzəsindəki neft emalı marjası iyul ayında rekord həddə çatıb. Qlobal neft emalı zavodlarının gündəlik xam neft emalı iyul ayında əvvəlki aya nisbətən 1,8 milyon barel artsa da, ötən ilin eyni ayı ilə müqayisədə təxminən 5 milyon barel aşağı olub. Digər neft emalı zavodları neft məhsullarında tədarükdəki çətinlikləri kompensasiya edə bilməyib, dəniz yolu ilə neft məhsulları ticarəti isə keçən ilə nisbətən gündəlik 3,8 milyon barel azalıb. Xüsusilə, Rusiya, Yaxın Şərq və Asiyadan gündəlik dizel ixracı illik müqayisədə 1,3 milyon barel azalıb ki, bu da qlobal dəniz yolu ilə dizel yanacağı ticarətinin təxminən 20 faizini təşkil edir.
Ekspertlərin fikrincə, Hörmüz boğazında artan risklər, Rusiya neft emalı zavodlarına hücumlar və Moskvanın yanacaq ixracına qoyduğu məhdudiyyətlər neft məhsullarının qlobal tədarükü ilə bağlı narahatlıqları artıraraq qiymətlərə təzyiq göstərib və neft emalı marjalarını yüksəldib. Hörmüz boğazından neft və neft məhsullarının daşınması və təchizat təhlükəsizliyi ilə bağlı narahatlıqlar davam etdikcə xam neft və neft məhsullarının qiymətləri də artır.