Görkəmli alim Zakir Məmmədov Azərbaycan fəlsəfə tarixinin öyrənilməsində əvəzsiz xidmətlər göstərib
Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Fəlsəfə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli filosof alim, AMEA-nın müxbir üzvü Zakir Məmmədovun anadan olmasının 85 illiyinə həsr edilən “Qarabağ və milli fəlsəfi irs” mövzusunda elmi konfrans keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbiri açan AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli görkəmli alimin həyat və fəaliyyəti, zəngin elmi irsi barədə məlumat verib. Vurğulayıb ki, Z.Məmmədovun Azərbaycan elminin inkişafında və zənginləşməsində göstərdiyi xidmətlər onun xatirəsini yaddaşlarda əbədi həkk edib. Alimin kitabları Azərbaycan fəlsəfi fikrinin möhkəmlənməsinə böyük töhfə verib.
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə çıxışında bildirib ki, Zakir Məmmədov elmi fəaliyyəti boyunca müxtəlif dillərdə, xüsusən ərəb və fars dillərində olan mənbələrdən istifadə etməklə Azərbaycan fəlsəfə tarixinin öyrənilməsində əvəzsiz xidmətlər göstərib.
İctimai Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Nərgiz Axundova çıxışında bir çox tədqiqatçı tərəfindən Zakir Məmmədovun elmi fəaliyyətinin araşdırıldığını, alim haqqında məqalələr yazıldığını, onun elmi irsindən geniş istifadə olunduğunu diqqətə çatdırıb.
Tədbirdə “Görkəmli Azərbaycan filosofu Zakir Məmmədov”, “Taleyini fəlsəfəyə bağlayan alim”, “Zakir Məmmədov xatirələrdə”, “Zakir Məmmədovun yaradıcılığı XX əsr Azərbaycan fəlsəfi təfəkkürünün transformasiyası kontekstində”, “Azərbaycan fəlsəfəsi tarixi” əsərinin milli fəlsəfə tarixində yeri”, “Azərbaycan fəlsəfəsi tarixinin fədakar tədqiqatçısı”, “Zakir Məmmədovun elm və fəlsəfə tarixindəki orijinal xətti” mövzularında çıxışlar dinlənilib, həmçinin görkəmli alimin yüksək insani keyfiyyətlərindən söz açılıb.
Sonda Aytək Zakirqızı-Məmmədova atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə ailə üzvləri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.