Göyçayda minimal invaziv cərrahiyyə üzrə 10-cu regional konfrans keçirilib
Göyçay, 1 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC
Göyçayda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 10-cu regional konfransı keçirilib.
TƏBİB-in dəstəyi, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyəti, Göyçay Rayon Mərkəzi Xəstəxanası və “Almaz Akademi” Tibbi Treninq Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfrans “Azərbaycanda minimal invaziv cərrahiyyədə ağırlaşmalar və onların profilaktikası” mövzusuna həsr edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Göyçay rayonundakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Regional konfransda TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov minimal invaziv cərrahiyyənin hazırkı durumu, yeniliklərin tətbiqi barədə məlumat verib, cərrahiyyənin müxtəlif sahələrini və ona yaxın ixtisasları təmsil edən mütəxəssislər arasında təcrübə mübadiləsinin önəmindən danışıb.
Göyçay Rayon Mərkəzi Xəstəxanasının direktoru Zahir Əliyev rayonda minimal invaziv cərrahiyyə sahəsində qazanılan nailiyyətləri diqqətə çatdırıb.
Daha sonra M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin Yoğun və düz bağırsaq cərrahiyyəsi şöbəsinin rəhbəri tibb elmləri doktoru, professor, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin prezidenti Qurbanxan Müslümov, Azərbaycan Minimal İnvaziv Cərrahiyyə Cəmiyyətinin LOR Cərrahları Dərnəyinin sədri tibb elmləri doktoru Elnur Əkbərov, həkim-mütəxəssislər müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər. Həmçinin cərrahiyyə sahəsində elmi əməkdaşlıq, peşəkar inkişaf imkanlarının artırılması istiqamətində müzakirələr aparılıb.
Konfrans çərçivəsində Göyçay Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq professor Q.Müslümov tərəfindən laporoskopik yırtıq cərrahiyyəsi əməliyyatı icra olunub. Əməliyyat real vaxtda konfrans zalına canlı yayımlanıb. Tədbir iştirakçıları intraoperativ prosesləri, texniki nüansları və cərrahi manevrləri əyani şəkildə izləmək imkanı əldə ediblər.
Panel müzakirələri zamanı cərrahiyyənin inkişaf perspektivləri, yeni texnologiyaların tətbiqi və region üzrə ixtisaslı kadrların təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Konfransın sonunda mütəxəssislərin moderatorluğu və iştirakı ilə cərrahlar, otorinolarinqologiya, ginekologiya üzrə mütəxəssislər və tibb bacıları üçün treninqlər təşkil edilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, eyni zamanda, Səhiyyə Nazirliyinin dəstəklədiyi sertifikat və şəxsi kabinetlərinə yüklənən bal verilib.