Göygöldə alman izləri: Yeraltı şəhər - VİDEOREPORTAJ
Göygöl, 12 avqust, Elcan Məmmədov, AZƏRTAC
XIX əsrdə Qafqaza köçürülən alman ailələrindən 124-ü Yelenendorf, yəni indiki Göygöl şəhərində məskunlaşıb. Şəhərin alman sakinləri tərəfindən burada 6 küçə salınıb, 500-dən çox ev tikilib. Bu gün də şəhərdə alman izlərinə memarlıq nümunələri ilə rast gəlmək mümkündür. Belə möhtəşəm memarlıq nümunələrindən biri evlərin altından yerləşən və “yeraltı şəhər”i xatırladan böyük zirzəmilərdir.
AZƏRTAC-ın bölgə müxbiri Göygöl rayonunda şəhərin alman sakinləri tərəfindən inşa olunan bu zirzəmilərə baş çəkib, burada gedən restavrasiya və yenidənqurma işləri ilə tanış olub.
Turizm bələdçisi Raul Abbaszadə bu zirzəmilərdən ən böyüyünün şəhərin mərkəzi küçələrindən biri olan Homer küçəsində yerləşdiyini və 1380 kvadratmetri əhatə edən 7 böyük zaldan ibarət olduğunu deyib: “1850-ci illərdə Avropadan Göygölə səfər edən tacirlər burada almanlar tərəfindən istehsal olunan şərabları çox bəyənirlər. Bundan sonra Göygöl şərablarının Avropa ölkələrinə və Çar Rusiyasına ixracı başlanır. İxrac çox olduğuna görə şərab zavodu inşa olunur və istehsal edilən şərabların saxlanılması üçün bu cür əzəmətli zirzəmilər tikilir”.
Bələdçi bildirib ki, şərabın uzun müddət saxlanılması üçün stabil hava temperaturu lazım olduğundan zirzəmilər vacib əhəmiyyətə malik olub. Burada havanın temperaturunun ilin bütün fəsillərində 16-18 dərəcə olması şərabın saxlanılması üçün lazımi şərait yaradıb.
“Hündürlüyü 5 metrə çatan zirzəmilərdə təbii havalandırma sistemi də qurulub. Tavandan və divarların aşağı hissəsindən açılan hava dəlikləri vasitəsilə içəridə hava daim dövr edib. Həmçinin burada şərab çəlləklərinin rahat daşınması üçün həm əllə, həm də elektrik enerjisi ilə işləyən lift quraşdırılıb”, - deyə R.Abbaszadə deyib.
Ötən ilin noyabr ayında aşkar olunan bu zirzəmilər elektrik enerjisi ilə təmin olunub. Hazırda zirzəmilərdə təmizlik və restavrasiya işləri gedir. Növbəti illərdə buranın turizm obyekti kimi şəhərin qonaqlarının və sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub.