Göygöldə moruq təsərrüfatlarında monitorinqlər aparılıb
Bakı, 17 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə mövsümə uyğun olaraq bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqlər həyata keçirilir.
Həmin tədbirlər çərçivəsində Agentliyin Gəncə-Daşkəsən regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Göygöl rayonunda yerləşən moruq təsərrüfatlarında monitorinqlər aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinqlər zamanı bitkilərə baxış keçirilib. Moruq bitkisinin qəhvəyi mərmər bağacığına sahib bitki olması nəzərə alınaraq, sahələrdə feromon tələlər asılıb. Daha sonra asılmış tələlərə, eləcə də moruq təsərrüfatlarına yaxın ərazilərdə yerləşən digər bağlara baxış keçirilib. Monitorinqlər zamanı karantin tətbiq edilən zərərvericilər aşkarlanmayıb.