Gürcüstan siyasətçiləri və media nümayəndələri erməni vəhşilikləri barədə məlumatlandırılıb
Tbilisi, 12 oktyabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfirliyində Dağlıq Qarabağda gedən proseslərlə əlaqədar brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, brifinqdə səfirliyin məsul əməkdaşı Eldar Bayramov Ermənistanın işğalçılıq siyasəti, Azərbaycan Ordusunun əks-hücum nəticəsində azad etdiyi ərazilər, eyni zamanda, ermənilərin humanitar atəşkəs rejimini kobud şəkildə pozması barədə ətraflı danışıb. Bildirib ki, erməni silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın Tərtər, Füzuli, Ağdam, Cəbrayıl rayonları və kəndlərini, eləcə də cəbhə xəttindən xeyli uzaqda yerləşən Mingəçevir və Gəncə şəhərlərini raket və artilleriyadan atəşə tutub. Bu raketlər düşmənin işğal etdiyi ərazilərdən deyil, Ermənistan ərazisindəki bazarlardan atılıb.
Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncənin ballistik raketlərlə atəşə tutulması nəticəsində 9 dinc sakin həlak olub, xeyli sayda insan yaralanıb. Yaralananlar arasında uşaqlar da var.
Bildirilib ki, Azərbaycan bununla bağlı bütün beynəlxalq təşkilatlara məlumat verib, beynəlxalq ictimaiyyəti məlumatlandırıb.
Qeyd olunub ki, Dağlıq Qarabağda gedən proseslərə, eləcə də dinc əhalinin atəşə tutulmasına görə bütün məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Həmçinin diqqətə çatdırılıb ki, Azərbaycan Ordusu düşmən təxribatlarına qarşı adekvat addımlar atır və bu addımlar bundan sonra da davam edəcək.
Brifinq zamanı ermənilərin törətdikləri vəhşilikləri əks etdirən fotoslayd da nümayiş olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi