Gürcüstanda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılmışdır
Tbilisi, 19 yanvar (AZƏRTAC). Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşı Şövqi Mehdizadə iştirakçılara 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliklərin səbəbi və səbəbkarları barədə ətraflı məlumat vermişdir. Ş.Mehdizadə demişdir ki, həmişə olduğu kimi, 1990-cı ilin qanlı yanvar günlərində də ümummilli lider Heydər Əliyev öz həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın haqq səsini dünyaya çatdırmış, bununla da xalqımızı daha böyük bəlalardan xilas etmişdir.
Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov, Gənclərə yardım və maarifləndirmə Dərnəyinin başçısı Musa Hacıyev, Azərbaycanlıların Marneulidəki Mədəniyyət Mərkəzinin əməkdaşı Nərgiz Əliyeva və başqaları tarixi faktlar əsasında sovet imperiyasının 1990-cı ilin yanvarında xain ermənilərin fitvası ilə xalqımızın başına gətirdiyi faciələri geniş şərh etmişlər.
Çıxışlarda o da vurğulanmışdır ki, ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı xalqımıza qarşı yönəldilmiş çoxlu sayda müsibətlərin qarşısını almış, ölkəmizi böyük təhlükələrdən xilas etmişdir. Bildirilmişdir ki, ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın xoşbəxt gələcəyindən xəbər verir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilsi