Gürcüstanın Bolnisi rayonunda Novruz şənliyi təşkil olunub
Tbilisi, 18 mart, AZƏRTAC
Gürcüstanın Bolnisi rayonundakı mədəniyyət və istirahət parkında xalqımızın milli bayramı olan Novruz münasibətilə təntənəli şənlik keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi tərəfindən təşkil olunub.
Tədbirdə çıxış edən Mərkəzin icraçı direktoru Rezo Həsənov qarşıdan gələn ilaxır çərşənbə və Novruz bayramı münasibətilə təbriklərini çatdırıb, Novruzun yeni nəfəs gətirdiyini və təbiətin oyandığını bildirib.
Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov çıxışında deyib ki, milli adət-ənənələrimizi qoruyub saxlamaq, yaşatmaq hər birimizin milli və mənəvi borcumuzdur.
Digər çıxış edənlər - Gürcüstan parlamentinin sabiq deputatı Mahir Dərziyev, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin Azərbaycan dili müəllimi Fatma Əliyeva, Kəpənəkçi kənd 2 nömrəli ictimai məktəbinin direktor müavini Çingizxan Yaqublu və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) direktoru Murad Muradov milli dəyərlərimizi yaşatmağın, gələcək nəsillərə ötürməyin hər kəsin borcu olduğunu söyləyib, uzun fasilədən sonra Bolnisinin mərkəzində milli bayramın qeyd edilməsini tarixi hadisə kimi qiymətləndiriblər.
Sonra saz və söz ustadları, eləcə də Bolnisi rayonunun kəndlərindən gəlmiş milli rəqs qrupları, Mərkəzin üzvləri Azərbaycan və gürcü rəqslərini, mahnıları ifa ediblər.
Tədbirdə Mərkəzdə Azərbaycan, gürcü və ingilis dilləri üzrə kursları bitirmiş 100-ə yaxın şəxsə sertifikatlar təqdim olunub.
Tədbir çərçivəsində Mərkəzin incəsənət və rəsm müəllimi Qəşəm Süleymanovun və rəsm kursunun üzvü Türanə Süleymanovanın çəkdiyi rəsmlərdən ibarət sərgi açılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi