MƏDƏNİYYƏT
Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib
Tbilisi, 19 mart, AZƏRTAC
Novruz bayramı ilə əlaqədar Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli şənlik keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində Gürcüstan parlamentinin deputatı Zaur Darğalı, “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov, Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov, parlamentin sabiq deputatı Ruslan Hacıyev, Özəl Kolleclər Assosiasiyasının prezidenti Nino Gomelauri, tələbələr, müəllimlər, valideynlər iştirak ediblər.
Kollecin direktoru, Marneuli bələdiyyə məclisinin deputatı Mahir Bayramov qonaqlara Novruz bayramının tarixi, xalqımızın həyatındakı rolu, milli-mənəvi dəyərlərimizin qorunmasındakı mühüm yeri barədə ətraflı məlumat verib.
Gənc nəslin milli ruhda maarifləndirilməsi üçün bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib.
Gürcüstan parlamentinin deputatı Zaur Darğalı çıxış edərək, xalqımızı milli bayram münasibətilə ürəkdən təbrik edib, bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirib.
Digər çıxış edənlər xalqımızı milli bayram münasibətilə təbrik edib, sülh, əmin-amanlıq arzulayıblar.
Sonra keçəl və kosa maraqlı proqramla çıxış ediblər.
Bayram şənliyində Azərbaycanın milli mətbəxi nümayiş edilib və Sarvan rəqs qrupunun üzvləri Azərbaycan və gürcü xalq rəqslərini ifa ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi