DÜNYA
Gürcüstanlı nazir Meksikada gürcülərin qaçırılması xəbərini təkzib edib
Tbilisi, 18 mart, AZƏRTAC
Meksikada və ya başqa bir ölkədə Gürcüstan vətəndaşları qaçırılmayıb. Gürcüstanın hər bir diplomatik nümayəndəliyi vətəndaşların maraqlarını qorumağa hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili söyləyib.
Bəzi telekanalları və jurnalistləri yalan, həqiqətə uyğun olmayan məlumatlar yaymaqda ittiham edən nazir deyib: “Bizim hər bir diplomatik nümayəndəliyimiz, xaricdəki hər bir konsulumuz hər bir vətəndaşımızın mənafeyini qorumaq vəzifəsini yerinə yetirməlidir və bu funksiyanı yerinə yetirir. Bəzi telekanallar gürcülərin qaçırıldığını bildirir. Vətəndaşlarımızı, izləyiciləri çaşdırmayın, bu, dəqiqləşdirilməmiş məlumatdır. Heç kim qaçırılmayıb. Mən sizi yalan danışmaqdan çəkinməyə çağırıram”.
Qeyd edək ki, KİV-də yayılan məlumata görə, Meksika sərhədi yaxınlığında 30-a qədər Gürcüstan vətəndaşı qaçırılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi