Hazırda Azərbaycan təkcə cəbhədə deyil, diplomatiya meydanında da inamla irəliləyir
Bakı, 9 oktyabr, AZƏRTAC
Hərbi əməliyyatlar artıq 10 gündən çoxdur ki, davam edir. Reallıq budur ki, Azərbaycan Prezidenti və Azərbaycan Ordusu dünya arenasında öz sözünü deməkdədir. Bu uğurdan narahat olan düşmən və onu müdafiə edən xarici qüvvələr də Azərbaycanın gücünü gördü. Dövlətimizin başçısının xarici siyasətinin əsasını hər zaman Dağlıq Qarabağla bağlı həqiqətləri dünyaya çatdırmaq olub. Əgər bu gün münaqişədə Azərbaycanı dəstəkləyən dövlətlər varsa, bu, dövlətimizin başçısının siyasətinin uğurudur. Xalqımız öz Prezidenti haqqında fəxarət hissi ilə danışır. Ermənistanın baş nazirinin məntiqsiz nitqi ilə dünya mediasında özünü biabır etməsi, Azərbaycan Prezidentinin isə səlis faktlara söykənən çıxışı, əslində, müharibənin qalibi olduğumuzu sübut edirdi. Prezident İlham Əliyev çıxışları ilə xalqının qürur mənbəyinə çevrilib. Bu gün dünyanın hər yerində olan hər bir azərbaycanlı bu qürurun daşıyıcısına çevrilib. Biz dünyaya haqlı olduğumuzu çatdırdıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Hazırda Azərbaycanın təkcə cəbhədə deyil, diplomatiya meydanında da inamla irəli getdiyini vurğulayan deputat bildirib: “Digər ölkələrin prezidentlərinə zəng edərək kömək istəyən Ermənistan baş naziri beynəlxalq arenada da məğlub olduğunu çox yaxşı bilir. İndi zaman göstərdi ki, arxasında başqa güclər olmasa Ermənistan heç nədir.
Ermənistanın baş naziri Nikol Paşinyan və prezidenti Armen Sarkisyan beynəlxalq ictimaiyyət qarşısında atəşkəslə bağlı çoxsaylı xahiş-minnət edir, hətta yalvarır. Bu, o deməkdir ki, Ermənistan hakimiyyəti bu döyüşləri uduzduğunu qəbul edib. Azərbaycan hakimiyyətinə isə beynəlxalq ictimaiyyətdən atəşkəslə bağlı çoxsaylı müraciətlər olub.
“Oktyabrın 4-də Azərbaycan Prezidenti həm xalqa, həm də beynəlxalq ictimaiyyətə atəşkəs üçün şərtləri açıqladı. Bundan sonrakı mərhələdə danışıqlar prosesi Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında yenidən davam edəcək. Biz 27 ildir BMT-nin qətnamələrinin icra olunmasını gözlədik. Əgər Ermənistan müharibənin dayanmasını istəyirsə, bu qətnamələri təcili yerinə yetirməlidir.
Ermənistan hakimiyyəti çox yaxşı başa düşür ki, onun Azərbaycan Ordusu ilə mübarizə aparacaq gücü yoxdur. Nikol Paşinyan xalqı aldadır. Artıq Ermənistanda iqtisadi-siyasi böhran hökm sürür. Erməni xalqının döyüş əzmi heç vaxt yüksək ola bilməz, çünki onlar haqq müharibəsində deyil, başqa torpaqlar uğrunda döyüşürlər”, - deyə deputat qeyd edib.