“Həmkardan həmkara qayğı ilə” layihəsinin növbəti mərhələsi Laçında keçirilib














Bakı, 21 iyun, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və “Referans Medical Group”un dəstəyi ilə keçirilən “Həmkardan həmkara qayğı ilə” sosial layihəsinin növbəti mərhələsi iyunun 18-19-da Laçın rayonunda keçirilib.
AHİK-dən AZƏRTAC-a bildirilib ki, Laçın Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar tibbi müayinə zamanı peşəkar həkim heyəti tərəfindən 7 tibbi xidmət üzrə müayinələr aparılıb. İki gün ərzində Laçın rayonun ümumilikdə 360 sakininə tibbi xidmət göstərilib. Səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub.
Müayinəyə gələn uşaqlara Konfederasiya tərəfindən hədiyyələr verilib. Tədbirin təşkilində AHİK könüllüləri də fəal iştirak ediblər.
Qeyd edək ki, ölkəmizin dağ və dağətəyi rayonlarında reallaşdırılan layihənin məqsədi AHİK üzvlərinin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq və dövlətimizin sosial siyasətinə töhfə verməkdir.