Həmvətənimiz Oleq Krapivin Ukraynanın yüksək təltifinə layiq görülmüşdür
Kiyev, 16 mart (AZƏRTAC). Həmvətənimiz Oleq Krapivin Ukrayna-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi və möhkəmlənməsi işinə verdiyi sanballı töhfələrə, Ukraynanın ictimai həyatında fəal iştirakına və xeyriyyəçilik fəaliyyətinə görə IV dərəcəli “Əmək nailiyyətlərinə görə” ordeni ilə təltif edilmişdir.
Xatırladaq ki, Oleq Krapivin Azərbaycanın və keçmiş SSRİ-nin Əməkdar idman ustası, sərbəst güləş üzrə Əməkdar məşqçi, dəfələrlə Avropa birinciliklərinin qalibi və mükafatçısı, veteranlar arasında güləş üzrə Dünya çempionu, Heydər Əliyev adına Ukrayna-Azərbaycan Təhsil, Elmi-Mədəniyyət, İdman Mərkəzinin banisi və Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədridir.
Oleq Krapivinə ordeni “Qızıl fortuna” Beynəlxalq akademik reytinqinin rəhbəri, Ukrayna Elmlər Akademiyasının prezidenti, akademik Boris Paton təqdim etmişdir.
Oleq Krapivin AZƏRTAC-a verdiyi müsahibəsində bildirmişdir ki, bu yüksək təltifi onun bütün komandasının, eləcə də Kiyevdə və bütün Ukraynada yaşayan, sıx birləşmiş Azərbaycan diasporunun səmərəli ictimai fəaliyyətinə verilən qiymət hesab edir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev