Hərbi ekspert: Silahlı ünsürlərin Qarabağ ərazisindən çıxarılması Azərbaycan üçün prioritetdir
Bakı, 19 yanvar, AZƏRTAC
Prezident İlham Əliyevin Davosda Litva Prezidenti Gitanas Nauseda ilə görüşündə bir neçə vacib məqamları səsləndirməsi təsadüfi deyil. Çünki biz zamanla Litvanın digər məmurlarından, xüsusilə Xarici İşlər Nazirliyi səviyyəsində Azərbaycanın haqlı mövqeyinə qarşı bəyanatlara rast gəlmişdik. Bu dəfə dövlətimizin başçısı ərazidə baş verən prosesləri Litva Prezidentinin şəxsən diqqətinə çatdırdı. Maraqlı olan odur ki, bu problemlər dəfələrlə səsləndirilsə də, nədənsə bir çox ölkələrin rəhbərləri hadisələri tam əks istiqamətdə şərh etməyə çalışırlar. Görüşdə Ali Baş Komandan İlham Əliyev Laçın dəhlizi ilə Ermənistan tərəfinin ötən iki ildən artıq müddət ərzində minaların, silah-sursatın və hərbi heyətin daşınması üçün istifadə edilməsinin tamamilə yolverilməz olduğunu bir daha avropalı həmkarının nəzərinə çatdırıb. Dövlətimizin başçısı, həmçinin görüşdə diqqəti Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarına qarşı keçirilən dinc aksiyaya da yönəldib. Bu talanlara son qoyulmasının vacibliyini bildirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev söyləyib.
O qeyd edib ki, Prezident İlham Əliyev ən vacib elementlərdən biri kimi də silahlı ünsürlərin ölkəmizin ərazisindən çıxarılması, separatizmin aradan qaldırılması ilə yanaşı, Azərbaycan dövlətinin Qarabağ ərazilərində tam nəzarətə nail olmasına diqqət çəkib. Bütün bu proseslər onu göstərir ki, Azərbaycan tərəfi öz haqlı tələblərindən geri çəkilmək niyyətində deyil, tam əksinə, imzalanan birgə üçtərəfli Bəyanatın şərtlərinin Ermənistan tərəfindən tam həcmdə yerinə yetirilməsində israrlıdır. Bu ölkəmiz üçün prioritetdir.
Ə.Verdiyev bildirib ki, dövlətimizin başçısı Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədilə Laçın yolundakı hadisələrlə əlaqədar manipulyasiya ilə məşğul olduğunu və yalan məlumatlar əsasında guya yolun bağlı olduğunu iddia etdiyini deyib: “Ümumiyyətlə, son dövrlərdə baş verən hadisələr bir daha onu göstərir ki, Azərbaycan tərəfi heç bir halda Laçın dəhlizini bağlamayıb, aksiya iştirakçılarının belə tələbləri olmayıb və indi də yoxdur. Onlar əksinə olaraq yolun açılmasını və Azərbaycan dövlət qurumlarının və ekofəalların talanmaqda olan “Dəmirçi” və “Qızılbulaq” yataqlarında monitorinqə başlamasını tələb edirlər. Prezident İlham Əliyev yolun mülki şəxslər və mülki təyinatlı yüklərin keçidi üçün açıq olduğunu, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə humanitar yüklərin sərbəst hərəkətinin təmin edildiyini diqqətə çatdırıb. Bunu təsdiqləyən yüzlərlə faktlar mövcuddur. Əgər Azərbaycan tərəfi Laçın dəhlizini və ya digər kommunikasiyaları bağlamaq niyyətində olsa idi, həmin bu Laçın dəhlizinə alternativ olan yolu müddətindən əvvəl inşa edib Rusiya sülhməramlılarının nəzarətinə, Ermənistandan və Qarabağdan olan əhalinin istifadəsinə verməzdi”.
Hərbi ekspertin sözlərinə görə, digər fakt isə həmin yolla təxminən son 40 günə yaxın müddətdə 600-dən çox avtomobilin hərəkət etməsidir. Bundan başqa, Qarabağa qayıdışı təmin olunan əhalinin də sosial şəbəkələrdə görüntüləri yayıldı. Xarici jurnalistlər də ərazilərə səfər etdilər. Onlar da ərazilərdə nə baş verdiyinin şahidi oldular. Başqa sözlə desək, Azərbaycan tərəfi beynəlxalq ictimaiyyətə bütün hadisələri olduğu kimi, tam çılpaqlığı ilə təqdim edir. Əgər bu məsələdə kiminsə şübhəsi varsa, o cümlədən Qərbdən, həm də Litvadan olan jurnalistlər gəlib ərazidə çəkiliş aparıb, hadisələri öz gözləri ilə görə bilərlər.
“Hesab edirəm ki, Prezident İlham Əliyev müharibədən əvvəl və müharibə zamanı olduğu kimi, hazırda da informasiya müharibəsi sahəsində yenə də hər birimizə nümunə olmağı bacardı”, - deyə Ə.Verdiyev diqqətə çatdırıb.