Hesablama Palatasının əməkdaşları Türkiyə Hesablama Məhkəməsinin yubiley tədbirində iştirak edib
Bakı, 1 iyun, AZƏRTAC
Hesablama Palatasının auditoru Cavid Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsinin Ankarada keçirilmiş 160 illik yubiley tədbirində iştirak edib.
Palatadan AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə “Anıtqəbir”də olublar. Yubiley tədbiri daha sonra Türkiyə Hesablama Məhkəməsinin inzibati binasında müxtəlif mövzular ətrafında panel müzakirələr formasında davam edib.
Hesablama Palatasının nümayəndə heyəti tədbir zamanı panel müzakirələrdə iştirakla yanaşı, Türkiyə Hesablama Məhkəməsinin IT sektorunun əməkdaşları ilə görüş keçirib və kənar dövlət maliyyə nəzarəti sahəsində tətbiq olunan IT yenilikləri ətrafında müzakirələr aparıblar.
Tədbirin növbəti günündə nümayəndə heyəti Türkiyə Hesablama Məhkəməsinin prezidenti, həmçinin Özbəkistan Hesablama Məhkəməsinin nümayəndə heyəti ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirəsi məqsədilə ikitərəfli görüşlərə qatılıb.