Heydər Əliyev Azərbaycan tarixində Ümummilli Lider statusu qazanmış yeganə şəxsiyyətdir
Bakı, 19 aprel, AZƏRTAC
Goranboy rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konfransda Milli Məclisin deputatı Ağalar Vəliyev, rayon rəhbərliyi və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransdan əvvəl Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsi ziyarət olunub, abidənin önünə tər güllər qoyulub.
Sonra Heydər Əliyev Mərkəzinə, Goranboy Olimpiya İdman Kompleksində Ulu Öndərə həsr olunmuş fotosərgiyə baxış keçirilib, videoçarx nümayiş etdirilib.
Konfransda çıxış edənlər bildiriblər ki, silsilə yubiley tədbirləri müstəqilliyinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin qalib dövlət və xalq kimi böyük Zəfərimizdən irəli gələn yeni hədəflərinin müəyyənləşdiyi əlamətdar bir dönəmə təsadüf edir.
Azərbaycan xalqı, o cümlədən goranboylular Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan böyük hərbi Qələbənin, postmüharibə dövründə əldə olunan yüksək siyasi-diplomatik uğurların və təqdirəlayıq sosial-iqtisadi nailiyyətlərin qürurunu fəxarətlə yaşamaqdadır.
Konfransda Ulu Öndərin dövlətçilik tariximizdə müstəsna xidmətləri, azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi müdrik siyasəti, dönməz əqidəsi, tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasını gerçəkləşdirməsi, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olması xüsusilə vurğulanıb.
Bildirilib ki, çağdaş dünyamızda böyük şöhrət qazanmış Heydər Əliyev Azərbaycan tarixində Ümummilli Lider statusu qazanmış yeganə şəxsiyyətdir. Ulu Öndər istər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik dönəmində liderlik funksiyaları qətiyyətlə yerinə yetirib. Dövlət rəhbəri olaraq fəaliyyət göstərdiyi 35 ilə yaxın bir dövrün Azərbaycan üçün bütün məsuliyyətli problemlərinin və ümummilli məsələlərinin həlli onun adı ilə bağlıdır.
Vurğulanıb ki, Heydər Əliyevin ən böyük missiyalarından biri də əsasını qoyduğu hərtərəfli milli intibahı özündən sonra inamla davam etdirə biləcək layiqli varisi və siyasi qüvvəni yetişdirməsi idi. Bu gün tam əminliklə və qətiyyətlə söyləmək olar ki, Prezident İlham Əliyev Ulu Öndərin sosial-iqtisadi inkişaf kursunu qloballaşan dünyanın müasir çağırışlarına uyğunlaşdıraraq uğurla davam etdirir.
Prezident İlham Əliyevin son 20 il ərzində həyata keçirdiyi uğurlu dövlət siyasəti və konseptual islahatlar sayəsində regionun lider ölkəsi və Avroatlantik məkanın mühüm strateji mərkəzi olan Azərbaycan bu gün hərtərəfli inkişaf edən, bütün dünyada etibarlı tərəfdaş kimi böyük nüfuz qazanan, qlobal layihələri reallaşdıran və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən modern dövlətdir.
Vurğulanıb ki, Ümummilli Liderin amallarının həyata vəsiqə alması sayəsində qazanılan yüksək nailiyyətlər, bu günün müzəffər, güclü və qüdrətli Azərbaycanı məhz Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi və dövlətimizin başçısının müdrikliklə zənginləşdirərək həyata keçirdiyi mükəmməl strategiyanın bəhrələridir.